Bakıda beynəlxalq konfrans keçirilir FOTO


Digərləri 21 May 2018 20:47:00 201 0

Bakıda beynəlxalq konfrans keçirilir  FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakı şəhərində "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfrans keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, konfransda BƏT-in Baş direktoru Qay Rayder, BƏT-in və digər beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edir.

Tədbirin Bakı şəhərində keçirilməsi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən fəal siyasətə görə ölkəmizin BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilməsindən irəli gəlir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqları və bütün konfrans iştirakçılarını salamlayaraq, son onilliklər ərzində texniki tərəqqi və sosial inkişaf sahəsində uğurlara nail olunduğunu, lakin eyni zamanda mövcud qlobal problemləri, o cümlədən dünyada 800 milyon insanın yoxsulluqdan aşağı həddə yaşadığını diqqətə çatdırıb. Nazir BMT-nin Davamlı İnkişaf Gündəliyinin bu problemlərin həllinə doğru qlobal siyasi qətiyyəti ifadə etdiyini bildirib.

S.Babayev qeyd olunan Məqsədlərin icrası sahəsində ölkəmizdə əldə edilən nailiyyətləri qeyd edib, bu uğurların ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin real təzahürləri olduğunu vurğulayıb. O, ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını, layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. vacib komponentlər üzrə tədbirlərin tripartizm prinsipi əsasında reallaşdırıldığını qeyd edib. S.Babayev BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. Nazir o cümlədən BƏT-lə zəngin siyasi dialoq və praktiki əməkdaşlıq gündəliyindən bəhs edib, birgə fəaliyyət müstəvisində görülmüş işləri diqqətə çatdırıb.

Eyni zamanda, BƏT-in Baş direktoru Qay Rayderin 2013-cü ildə irəli sürdüyü "Əməyin gələcəyi" təşəbbüsünə ölkəmizin də dəstək verdiyini bildirən nazir BƏT Baş direktorunun Azərbaycana hazırkı ilk səfərini Azərbaycanla BƏT münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib.

S.Babayev Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olduğunu, Bakı "Expo2025" sərgisi üçün müəyyən olunan "İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması" mövzusunun ümumbəşəri aktuallıq kəsb etdiyini vurğulayıb. Nazir bildirib ki, sərginin mövzusü özü-özlüyündə insan həyatını səciyyələndirən üç alt-mövzu ilə əhatə olunur: Səhiyyənin gələcəyi, Təhsilin gələcəyi və Əməyin gələcəyi. Nazir "EXPO2025"-in Bakı şəhərində təşkil olunmasının qlobal əhəmiyyətini, habelə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində xüsusi önəmini diqqətə çatdırıb. S.Babayev tədbir iştirakçılarına məhsuldar müzakirələr və uğurlar arzu edib.


Xəbərə aid fotolar