Rövşən Abdullaoğlunun "Abaddon" romanı satışda niyə rekord vurur?


Digərləri 21 May 2018 19:08:00 278 0

Rövşən Abdullaoğlunun "Abaddon" romanı satışda niyə rekord vurur?

Əsərlərində ən müxtəlif mövzulara müraciət etməklə böyük maraq yaradan tanınmış yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu bu dəfə oxucuları "Abaddon" intellektual psixoloji detektiv romanı ilə təəccübləndirib.

Son.az xəbər verir ki, mayın 12-də işıq üzü görən kitab nəşr olunandan sonra cəmi sonra topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitib. Oxucuların maraq və tələbatını ödəmək üçün bir həftə sonra kitab ikinci dəfə nəşr olunub. Nəşriyyatdan bildiriblər ki, əgər "Abaddon"a maraq belə sürətlə artmaqda davam etsə, yaxın günlərdə kitab üçüncü nəşrinə başlanacaq. 

Azərbaycanda rekord - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı Xatırladaq ki, R.Abdullaoğlunun bu günə qədər motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiya mövzularında 24 kitabı nəşr olunub. Motivasiya psixologiyası silsiləsindən olan "Çətin olsa da, həyat davam edir", "Hər bir İnsan hökmdardır", "Arxadakı körpüləri yandırın" kitabları bestseller olub, Onun "Arxadakı körpüləri yandırın" kitabı 2014-cü ildə Türkiyədə də çap edilib. Bədii janrda yazılmış ilk əsəri olan "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016-2017-ci illərdə Azərbaycanda ən çox satılan kitab olub.

Bəs "Abaddon" romanı onlardan nə ilə fərqlənir və onu oxucu üçün bu dərəcədə maraqlı edən nədir? Romanın əsas süjet xəttini nə təşkil edir? Yazıçı kitabda nəyi təlqin etməyə çalışır?

Bununla bağlı izahı kitaba resenziya yazan filoloq Sevda Məmmədova verib. O, "Abaddon" haqqında belə deyib: "İrlandiyanın nağılvari gözəlliyə malik bir liman şəhərində baş verən dəhşətli qətlləri, qatilin tapılması cəhdlərini izləyən fabula son səhifələrə qədər oxucunu həyəcanda saxlayır. Müəmmalı qatilin qeyri-adi fantaziyaları, qətl hadisələrini bir-birinə bağlayan təkrarlanan qorxunc elementlər, cinayətlərin üzərini örtmüş mistika pərdəsi inadla axtarışlarına davam edən İrlandiya polisi ilə birlikdə oxucunu da heyrətləndirməyi bacarır. Əsər boyunca qatilə tuşlanmalı olan obyektiv gah illər əvvəl yoxa çıxmış kriminal avtoriteti, gah öz sakit həyatını yaşayan ötəri obrazları, gah da mistik varlıq olan cəhənnəm əcinnəsini hədəfə alır, bəzi məqamlarda isə diqqət hətta cinayət axtarış dəstəsinin üzvlərinə yönəlir. Süjet hər nə qədər realistik olsa da, bəzi məqamlarda uğurla istifadə edilmiş mistik elementlər təhkiyəni daha maraqlı edir".