"Harmoniya gözəllikdə, duyğularda və parlaq rənglərdə təzahür edir"


Kriminal 21 May 2018 18:36:00 291 0

"Harmoniya gözəllikdə, duyğularda və parlaq rənglərdə təzahür edir"

İyunun 9-da, saat 20:00-da Yaşıl Teatrda Bəstəkarlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi Aygün Səmədzadənin "Azərbaycan" adlı yaradıcılıq gecəsi keçiriləcək.

Konsert Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub. Bayram gecəsində tanınmış ifaçılar, musiqiçilər və rəqs kollektivləri bədii rəhbər və baş dirijor, xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edəcəklər.

Son.az xəbər verir ki, Aygün Səmədzadə konsert ərəfəsində Trend-ə verdiyi müsahibədə əsərlərin yaradılması zamanı duyğuların təzahüründən və yaradıcılığın parlaq rənglərindən söhbət açıb.

- Aygün xanım, tezliklə Sizin növbəti yaradıcılıq gecəniz baş tutacaq. Həmişəki kimi yaradıcılıq gecəsi parlaq rənglərlə yadda qalmağı vəd edir. Məni isə adınızın rəmzi və çoxillik yaradıcılığınız maraqlandırır - yaradıcılığınızda "ay" və "gün" nədir?

- Maraqlı sualdır, hələ mənə belə sual verməyiblər (gülür, fikrə gedir). Yaradıcılığım gündüzün gecəni, Günəşin Ayı və ya əksinə əvəz etməsi kimidir. Günəşdən həmişə işıq və istilik gəlir! Ay isə Yerin peykidir, romantik baxışların obyektidir. Günəşin istisini sevsəm də, Ayın cazibəsi məni daha çox çəkir. Hər ikisi əsas həyat dövriyyəsini yaratsalar da, sanki rəqabətdədirlər. Maraqlıdır, səma obyektləri sanki daim rəqs edir, lakin heç vaxt təbiət mexanizmini pozmur. Onunla harmonikdirlər çünki. Harmoniya isə ahəng deməkdir, onun yerindən asılı olmayaraq, ümumiyyətlə mövcudlugu - gözəllikdir. Mən də bütün bunları özünəməxsus şəkildə adımda, yaradıcılığımda və həyatımda qorumağa calışanlardanam. Əslində, elə bütün normal insanların çalışıb - vuruşduğu elə harmoniya üçündür. Ay və Gün - mən və musiqimdir.

- Hər bir yaradıcı insanın, rəssam, heykəltəraş, bəstəkar, musiqiçi, rejissor, aktyor və müğənninin öz ilhamı var. Əsər yaratmaq üçün nədən ilham alırsınız?

- İlham ruhun xüsusi halıdır və duyğularla, müsbət və hətta mənfi emosiyaların təzahürü ilə bağlıdır. İnsana ilham gələndə, öz potensialını tam reallaşdırmağa, fikir və səylərini konkret işlərə, əsərə çevirməyə hazırdır. İnsan bu halda-zehni və emosional vəhdətin yüksəliş məqamında dağları devirə bilər. Əksəriyyət üçün ilham qaynağı fərdi xarakter daşıyır. Amma...(fikrə gedir və gülür) daha dəqiq desək, əslində bizə motivasiya verə biləcək hadisələr özləri bizi seçir və bizdən asılı heç nə yoxdur. Bu əsəri yazmaq mənim qismətimdədirsə, onun ilhamı da elə mənə gələcək. Məsələn, məşhur "Tut ağacı" kompozisiyam sonradan səhvən olduğu üzə çıxan bir zəngə görə, küskün və əsəbi bir əhvaldan sonra ərsəyə gəlib. Ümumiyyətlə, bütün əsərlər ağır və fərəhli anların, yaşadıgım hisslərin, dinlədiyim həyat hekayələrinin və sevgi tarixçilərinin, oxudugum kitabların, ən əsası isə məni əhatə edən bütün gerçəkliyin nəticəsidir. Elə məqamlar olur ki, müəyyən hadisələrin təsiri altında musiqi yazıram, gözlərimdən yaş axır və bu əsəri dinləyən insanların da göz yaşı axıtdığını görəndə heyrətlənmirəm. Bilirəm ki, içimdəki sevinci də, göz yaşını da ötürməyi bacardım, buna cəhd göstərməsəm də... sadəcə səmimi oldum...

Incəsənətin digər sahələrinə gəldikdə isə bunu deyə bilərəm. Rəssamlar və ya heykəltəraşlar öz əsərlərini susaraq yaradırlar və o əsərlər tamaşaçının baxışlarıyla danışır. Biz isə səs, söz, musiqini emosiyalar dalğası ilə yaradırıq, ürəyə və ruha səs veririk.

- Yaradıcılıq böhranı da olur. Onun öhdəsindən necə gəlmək mümkündür, ilham mənbəyini òzümüz yarada bilərik? Məsələn, Salvador Dali bunu "Yaddaşın əzmi" ilə təsdiq edib.

- İlham qaynağını haradan tapmaq sualına cavabım belədir. Onu gözləmək lazım deyil. O istədiyi zaman, istədiyi ruha gələ bilər. Yaradıcılıqda durğunluq da ola bilər, böhran da. Və yaradıcı insanın heç bir psixoloji problemi və ya ruhi sarsıntısı yoxdursa, bu normal haldır. Çünki, beyin də, ürək də, ruh da hərdən hər şeydən dincəlmək istəyir Və bu istirahət ağıllı adamı iki nəticəyə gətirə bilər - yeni nailiyyətlərə ya da sənəti tərk etməyə.

Təbiət, sadəcə səyahət, yeni mədəniyyətlərlə, xalqlarla və ənənələrlə tanışlıq yaradıcılıga təkan, sevgi isə yaradıcılıq üçün ən güclü stimuldur. Təkcə itən ilham qaynağını qaytarmaq iqtidarında deyil, həm də ilham qaynağını ona heç vaxt sahib olmayana hədiyyə vermək gücündədir. Dua edək ki, bu böyük hədiyyədən hər kəs layiqincə bəhrələnə bilsin.


Xəbərə aid fotolar