Aydın Talıbzadə "SƏRHƏDSİZ TEATR” İDEYASININ CAZİBƏSİ"


Kriminal 21 May 2018 18:18:00 278 0

Aydın Talıbzadə  "SƏRHƏDSİZ TEATR” İDEYASININ CAZİBƏSİ"

Son.az teatro.az-a istinadən yazını təqdim edir.

Sərhədsiz teatr, ilk növbədə, düşüncənin sərhədsizliyini işarələyir, sonra isə coğrafi sərhədlərin aradan götürülməsi məsələsini eyhamlaşdırır. Əgər dünya insanın vətənidirsə, ona bu dünyanı rahat gəzməyə heç kim və heç nə mane ola bilməz. "Sərhədsiz teatr" ideyası dolayısı ilə "iddiasız insanlar" ideyasına gətirib çıxarır. İnsanlar iddiasız olsalar, hər işdə, hər əməldə şəxsi mənfəət güdməsələr, "hər şey mənim olsun", "hər zaman hər yerdə birinci olum" fikrindən daşınsalar, öz iddialarından ötrü aramsız mübarizə aparmasalar, zor işlətməsələr, eqolarından qurtulsalar, dünyanı sərhədlərlə zolaqlamağa ehtiyac qalmaz.

III Şəki Beynəlxalq Teatr Festivalının da məramı bu fikri insanların beyninə sızdırıb onu Azərbaycan cəmiyyətinin hakim ideyası, mövqeyi kimi təqdim etməkdir, insanların dünyanı gəzmək, gəzib görmək, görüb anlamaq istəyini əngəlləyən sonsuz lokal müharibələrə, siyasi qorxulara, fasiləsiz qarətlərə "yox" deməkdir, birdəfəlik "əlvida silah" deməkdir, "sərhədsiz dünya" deməkdir. Sərhədləri yaradan, sərhədləri mütləqləşdirən qorxulardır, fobiyalardır. Sərhəd qorunmaq, müdafiə olunmaq ehtiyacının gerçəkliyidir. Əgər heç kim hücum etmirsə, qarət etmirsə, səni gün işığından, torpağından məhrum etmirsə? onda sərhədlərin funksiyası və mövcudluq məntiqi itir. Festival xalqların, millətlərin, etnosların nümayəndələrini görüşdürmək, onları bir-birinə tanıtmaq vasitəsidir. Çünki insanlar bir-birini tanıyanda bir-birindən qorxmurlar: qorxmayanda sərhədlər arxasında, qapılar arxasında gizlənmirlər. Hər qapı bir sərhəddir. Ona görə festival təkcə festival deyil, təkcə bayram deyil, ideyadır, fəlsəfədir, yaşam tərzidir, açıq qapıdır, topluma göndərilən qutsal, pozitiv mesajlardır, sərhədləri aşmaq üçün vəsiqədir. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının da predmeti millətin teatr sənətidir, onun inkişafı, gələcək perspektividir, obyektisə cəmiyyətdir, toplumu təşkil edən vətəndaşların ruhsal, mental və mədəni səviyyəsidir. Məhz bu Proqramın hədəflədiyi ideyaları reallaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının təşkilati dəstəyilə III Şəki Beynəlxalq Teatr Festivalı keçirildi, onun final mərhələsi isə Bakıda yekunlaşdı. III Şəki Beynəlxalq Teatr Festivalı Azərbaycanın teatr aləmində bir hadisə, bir presedent yaratmaq, teatr prosesini canlandırmaq istəyindən qaynaqlanırdı. Ol səbəbdən festivalın növbəti dəfə baş tutması məni aşırı sevindirdi. Digər tərəfdən bu festival bir də onunla çox böyük dəyər qazandı ki, festival müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 100, müasir Azərbaycanın qurucusu və təkbaşına öz şəxsiyyətilə müstəqilliyimizin yeganə qarantı kimi çıxış etmiş Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunmuşdu. Festival öz işini iki paralel istiqamətdə qurmuşdu: may ayının 12-19 arası beynəlxalq teatrlar Şəkiyə toplaşırdılar, Azərbaycan teatrları isə həmin zaman müddətində bölgə-bölgə gəzib tamaşa göstərirdilər, "sərhədsiz teatr" ideyasını gerçəkləşdirməyə çalışırdılar. Mən Şəki şəhərində idim və festivalın beynəlxalq proqramını izləyirdim. Odur k, gördüklərim, eşitdiklərim və öz şəxsi mülahizələrim olduğu kimi...

TİTOVƏK

Festivalın açılış günü İranın Hürmüzgən əyalətindən "Titovək" teatr qrupu Şəki Dövlət Dram Teatrının səhnəsində U.Şekspirin "Maqbet" pyesinin motivləri üstündə "Makbet-Zar" tamaşasını postdramatik teatrın estetik koordinatlarında bir ayin-oyun təzahürü kimi ifa etdi və çağdaş teatr düşüncəsinin bütün spektrlərini əyani şəkildə səhnədə sərgilədi. Bir məsələdən tam əminəm ki, bu tamaşa müasir teatr mədəniyyətinin şedevrləri cərgəsində sərgilənə biləcək, bir çox festivalların yaraşığı sayıla biləcək bir İran performansıdır. Təsadüfi deyil ki, "Makbet-Zar" tamaşası Moskvada teatr sənəti üzrə dünyanın ən prestijli mükafatı "Qızıl maska" ilə ödülləndirilib. Amma mən bunu yalnız tamaşadan sonra "Titovək" teatr qrupunun rejissoru və aktyorları ilə söhbət zamanı öyrənmişəm. Hərçənd tamaşanın davam müddətində heç bir ödül heç bir rol oynamır və heç nəyi həll etmək iqtidarında olmur. Ələlxüsus da "Makbet-Zar" tamaşası üçün... Çünki bu performans bədən, ruh və ritm möcüzəsidir. Öncə ondan başlayım ki, titovək əfsanəvi bir quşdur. İslam mifologiyasında qiyamət gününün quşudur, sonuncu imamın zühur etdiyi məqamın quşudur. Həmin gün titovək arxası üstə uzanacaq və bir ayağı ilə göy qübbəsini saxlayıb insanlara nicat bəxş edəcək. Deməli, bu teatr qrupu özünü titovək quşunun missiyasında görür və dərk edir. "Makbet-Zar" da bu missiyadan doğan bir tamaşadır, insanları pis ruhlardan təmizləmək və qorumaq məqsədinin səhnə metaforasıdır. "Zar" (Zaar) XVII əsrdən Misirdə, Sudanda, Somalidə və İranın cənub əyalətlərində təşkil edilən qədim bir ritualdır, adamı trans vəziyyətinə gətirən rəqslərlə müşayiət olunur. Seans zamanı tanrının seçdiyi şəxs, əsasən, bu adam qadın olur, insanları zinhara gətirən, bəd əməllərin icrasına sürükləyən Zar adlı şeytani ruhdan xilas etmək, onlara şəfa vermək bacarığına yiyələnir (Bax: Modərrəsi Tağı, 1968), haradasa buta alır, şaman olur. Məhz quruluşçu rejissor İbrahim Poştkuhinin "Makbet-Zar" tamaşasının tədqiqat predmeti də Makbetin özü deyil, onun şeytani ruhudur, onun Zarıdır. Odur ki, İ.Poştkuhi "Makbet" faciəsini "Zar" ritualının dini-mistik parametrləri içinə gömür, səhnəni Makbetin eqo və alter-eqosunun güzgüləndiyi məkana dönüşdürür, performansı bəd ruhun bədəndən qovulma mərasimi kimi strukturlaşdırır. Şeytani ruh kimin bədəninə daxil olarsa, həmin adamın mənəviyyatını kor edər və o, pisi yaxşıdan ayıra bilməz. Bunu daha dəqiq bir mesajla seyrçilərə çatdırmaqdan ötrü rejissor diaqonal mizandan faydalanır: bir-birinin çiynindən tutmuş ağ geyimli üç aktyoru səhnə məkanından keçirərək Piter Breyqelin, Moris Meterlinkin "Korlar"ını, Uilyam Şekspirin "Kral Lir"ini tamaşanın kompozisiyasında sitatlaşdırır. Elə Makbeti hakimiyyət ehtirası ilə xəstələndirən də, düşüncəsini kor edən də onun bədənini, psixikasını, mənəviyyatını məngirləmiş şeytani ruhdur. Rejissor İbrahim Poştkuhi tamaşada hind Kathakali teatrının, yapon Noh teatrının davranış qəliblərini, plastika özəlliklərini mridanq və ya pahvac tipli zərb alətlərinin ritmiylə (musiqi Behrəng Əbaspur) və "Zar" ritualı üçün səciyyəvi əşyalarla bir-birinə bağlayıb dekorsuz boş məkanda bir səhnə möcüzəsi əmələ gətirir. Bu möcüzə həm də məna möcüzəsidir, məlum "Makbet" pyesinin son dərəcə orijinal təfsiridir. Döyüşlər "qaplan"ı Makbet nəyin bahasına olursa olsun hakimiyyət zirvəsinə yüksəlmək arzusundadır. Hakimiyyət zirvəsində ya hüdudsuz səlahiyyətə sahib olacaqsan, ya da bu yolda ölüb gedəcəksən. Odur ki, Makbetin seçimi, rejissorun yozumunda, şeytani ruhun pıçıldadığı intihar seçimidir. Bu şeytani ruh Makbetin altşüurunu tamamən zəbt eləyib və cəsur bir sərkərdəni "divanə" hakimiyyət hərisinə çevirib. Ona görə də Makbet tamaşada sanki öz eqosunu və altşüurunu bir kuzə içinə qoyub əlində gəzdirir. Final səhnəsində də Makbet (Davud İslami) bu kuzə ilə görünür. Kuzə elə bil ki divin canının saxlanıldığı kövrək cisimdir. Tamaşanın sonunda şeytani ruhu Makduf tərəfindən məhv edilmiş Makbet əlinin içiylə kuzənin ağzına bir zərbə endirəcək və bu zərbədən kuzə partlayacaq, ovulub torpaq kimi yerə töküləcək və ətrafa mirvari yumrularına bənzər küpələr səpələnəcək. Bu, Makbetin çiliklənmiş idrakını, eqosunu və altşüurunu obrazlaşdırır; onun bəd ruhdan qurtulmasına bir işarə olur. Hərçənd ruhu zəhərlənmiş adamın yaşaması artıq mümkünsüz... 65 dəqiqəlik "Makbet-Zar" bir nəfəsə baxılır və bir göz qırpımında qurtarır. "Titovək" truppasının aktyorları Yaxın Şərq teatrının çağdaş ekspressionistləridir: onlar Şekspir faciəsinin özünü yox, ruhunu əsl şərqli plastikasının min bir xırdalıqları ilə oynamağı bacardılar, məqamlarca İran kino neorealizmilə salamlaşdılar (Hava öz Zar bacısı ilə birgə səhnədə gəzib ölənlərin ayaqlarından çəkmələrini bir-bir çıxardır, sonra da onları öz boynundan asır) və dünya teatr mədəniyyətinin müasir vibrasiyalarına tuş gələn bir tamaşa ilə festivalın liderləri mövqeyinə yiyələndilər.

JORDAN ƏMİ

Bugün Şuşa Azərbaycan siyasətinin müqəddəs məbədgahı statusundadır. Ona görə də "Şuşa" sözü festivaldan çox-çox yuxarıda dayanır. Bu öz yerində... O ki qaldı Şuşa Dövlət Musiqili Dram Teatrının milli mədəniyyətimizin sərvəti M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" pyesi əsasında festivalda təqdim etdiyi bir hissəli məzhəkə tamaşasına, bax, bu başqa məsələ. Tamaşanın müəllifi L.Kərimov Mirzə Fətəlinin ən uğurlu komediyasını məzəli səhnəciklər kaleydoskopu kimi düşünüb, pyesi "Jordan əmi" qavrayışında modelləşdirib, onun personajlarını isə karikatura haşiyəsinə alıb. Bunu o zaman məqbul saymaq mükün olardı ki, rejissor birbaşa pyesin mətnindən çıxış edəydi və Mirzə Fətəli komediyasına müxtəlif səviyyəli və müxtəlif tipli mətnləri daxil etməklə onu həftəbecərə döndərməyəydi. Tamaşanın müəllifi olmaq seyrçidən ucuz gülüş qoparmaq üçün dramaturqun əvəzinə mətn yazmaq demək deyil, dramaturqun mətnindən səhnə metaforaları vasitəsilə yeni mənalar çıxarmaq deməkdir. Burada isə heç bir səhnə metaforası gözə dəymir və tamaşa həvəskarların konsert nömrəsi kimi qavranılır. Rejissor tamaşanı tam səhnənin mərkəzində qurub, komediyanın kişi personajlarını, içi Müsyö Jordan qarışıq, alçaq postament üzərində ağıldan defektlilər xorunun üzvləri kimi əyləşdirib və meydanı pyesin qadın personajlarına verib. Heç şübhəsiz, pyesə belə yanaşma tərzi, tamaşanı bu konsepsiya zəminində qurmaq cəhdi maraqlıdır, lakin onun həlli həm rejissura, həm də aktyor ifası baxımından primitiv, yeksənəq və bəsitdir. Hətta M.Ə.Sabirin "Bəhri-təvil"indən, Səməd Mənsurun "Həpsi rəngidir" və "Gülməlidir" qəzəllərindən diringəli meyxana kimi bəhrələnmələr də tamaşanı bayağılıqdan və səthilikdən qurtara bilmir. Olsun ki məmləkət civarında bu tamaşaya ürəkdən gülən müəyyən seyrçi kütləsi tapılacaq, amma mən onu beynəlxalq festivala layiq görmədim.

DAVUL VƏ TÜFƏNG


Xəbərə aid fotolar