Artıq əcnəbilər bütün "ASAN xidmət"də olduğu yer üzrə qeydiyyatdan keçə biləcək


Digərləri 21 May 2018 17:12:00 283 0

Artıq əcnəbilər bütün "ASAN xidmət"də olduğu yer üzrə qeydiyyatdan keçə biləcək

Əcnəbilərin (xarici vətəndaşların) olduğu yer üzrə qeydiyyatı artıq ölkəmizdə olan bütün "ASAN Xidmət" mərkəzlərində həyata keçirilə bilər.

Son.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, buna görə heç bir ödəniş də tələb edilmir: "Keçən həftə başladıqda bu xidmət yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə edirdi. Regionlarımızın sakinləri və qonaqlar bu mərkəzlərdə asan formada qeydiyyata düşə bilərlər. Xidmət üçün rüsum, ödəniş yoxdur".

Qeyd edək ki, mayın 17-də Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq "ASAN xidmət" mərkəzlərində də həyata keçiriləcək.

Əcnəbilərin Azərbaycanda qeydiyyatı ASANlaşdı Memoranduma əsasən, Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq müvəqqəti olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin "ASAN xidmət" mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüblər.

Bununla olduğu yer üzrə qeydiyyat prosesində şəffaflıq, rahatlıq təmin ediləcək, mümkün növbələrin qarşısı alınacaq, xidmətdən istifadə məmnunluğu artacaq və şəxslərin müraciət imkanları genişlənəcək.

Əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı "ASAN xidmət" mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarına uyğun aparılacaq.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.