Yalanla yaşamaq nədir, bilirsiniz?


Digərləri 21 May 2018 14:09:24 210 0

Yalanla yaşamaq nədir, bilirsiniz?

Həqiqətlər işimizə yarasaydı, heç vaxt yalan söyləməzdik.

Yalanın yaşı bəlkə də bəşəriyyətin yaşı qədərdir. Çünki elmi araşdırmalar sübut edir ki, şüursuz hesab etdiyimiz heyvanlar belə bəzən yalana sığınır. Bəs insan övladı niyə yalan danışır? Bu sualın cavabı illərdir psixoloqları, filosofları, sosioloqları, yazıçıları və ən sadə insanları düşündürür.

İtirmək, zərər görmək, cəzalanmaq, pis vəziyyətdə qalmaqdan qorxmaq və s. səbəblər yalana rəvac verir. Səbəblər yalanın özü qədər müxtəlifdir. Əsas səbəb isə, məncə, yalan danışarkən başqa çarəmizin qalmadığını düşünməkdir. Bir qədər insaflı davransaq, deyə bilərik ki, yalanın əsas səbəbi çarəsizlikdir. Çünki heç kəs özünə yalan deyilməsini istəmədiyi kimi, başqasına da yalan danışmaq istəməz. Hərdən düşünürəm ki, güclü adamlar yalana ehtiyac hiss etmir. Təbii ki, bu subyektiv fikirdir. Hər halda, mənə elə gəlir ki, yalan danışmaq acizlik, qorxaqlıqdır. Amma yalanı vərdişə, həyat tərzinə çevirən, olmadığı kimi görünmək naminə yalan danışan insanlar da var.

Harriyet Lerner "The Dance of Deception"(Aldanma rəqsi) adlı əsərində yalan danışmaq prosesini və yalanın növlərini  ifadə etmək üçün (uydurmaq, ört-basdır etmək, həqiqəti gizlətmək, fırıldaq gəlmək, şişirtmək, xəyanət etmək, yalan danışmaq və s.) əllidən artıq ifadə təsbit etmişdir. (!) Xanım Lernerin gəldiyi nəticələr və yalan haqda bu tanınmış klinik psixoloqun fikirlərini çox çözələmədən deyim ki, "Aldanma rəqsi" kitabı müxtəlif vəziyyətlərdə danışılan və geniş yayılmış qadın yalanlarına həsr olunub. Kitab qadınların həqiqəti təhrif etmək və gizlətmək məqsədi ilə baş vurduğu yolları təhlil edir. Vaxtınız olanda həmin kitabı tapıb oxumağınız yaxşı olar. Vaxtınız olmasa da, can sağlığı, ülvi məhəbbət!

Yuxarıda qeyd etdiyimiz kimi yalanlar müxtəlifdir. Elə məhz buna görə də yalanın sərhədlərini müəyyən etmək olduqca çətindir. Psixoloq Paul Ekman informasiyanı gizlətməklə (concealment), səhv informasiya verməyin (falsification) eyni dərəcədə yalan olaraq qəbul edildiyini və eyni məqsədə xidmət edən müxtəlif yollar olduğunu düşünür. Ekman yalanı digər aldatma növlərindən ayırır və bu xüsusda bizim hamımızın bildiyi iki meyarı önə sürür. Yalan danışmaqda iki önəmli meyardan biri yalan danışan şəxsin niyyətidir. Yalan danışan şəxs bilərək yalan danışır və səhv informasiya verir. İkinci meyar isə yalan danışanın bilməyərəkdən səhv informasiya verməsidir.

Yuxarıda da qeyd etdiyimiz kimi, heyvanlar belə yalana sığınır. Bu, yalanın nə qədər ibtidai bir fenomen olduğunu göstərir. Heyvanlar şüursuz olduğu üçün həyatda qalmaq, ov olmamaq, balalarını qorumaq, ölümdən qaçmaq üçün bir-birini aldadır, kələk gəlir. Bəs bir-birinə güvəndiyi, inandığı üçün eyni ailədə, cəmiyyətdə yaşayan insanoğlu? Bəs insan niyə yalan danışmaq ehtiyacı hiss etsin?

...Yalan çox qədim, eyni zamanda ibtidai bir vərdişdir. Həm də çox pis vərdişdir. Yalan ibtidai fenomen olduğu üçün cəmiyyət inkişaf etdikcə, yalanlar azalmalı, həqiqət, dürüstlük əsas fenomenə çevrilməli idi. Tarixin inkişaf prosesi bunu tələb edir. İnkişaf etmiş cəmiyyətlərdə yalanlar getdikcə azalır. Təhsilin və texnologiyanın inkişafı, insanı yalandan uzaqlaşdırır.

Nota bene!

Yazını yenidən oxuyarkən fikirlərimin qarışıq və pərakəndə olduğunu hiss etdim. Buna fikir verməyin, çünki ovqatım və ruh halım yazını səliqə-səhmanla yazmağa müsait deyil.

Ailədaxili yalan

Zənnimcə, mühafizəkar cəmiyyətlər yalanın ən çox pərvəriş tapdığı, geniş yayıldığı cəmiyyətlərdir. Mental dəyərlər, ailə daxilində anlaşılmazlıq artdıqca, dərinləşdikcə yalanlar çoxalır. Müdir işçilərinə, işçilər müdirlərinə, idarəçilərə yalan danışır. Məsələn, illərlə qadınını sıxışdıran, işləməyə, sosiallaşmağa icazə verməyən, kənarda məşuqəsi olan, qazancını həyat qadınlarına xərcləyən ər, bir gün qadının ona xəyanət etdiyini öyrənir. Bu, bəlkə də qisas hissindən yaranan xəyanətdir. Amma bütün hallarda bunun əsas səbəbi yalandır.