Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib (FOTO)


Digərləri 21 May 2018 11:04:00 288 0

Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib (FOTO)

Mayın 19-da Gəncədə “LİBRAFF” kitab mağazasının təşkilatçılığı ilə keçirilən imza günündə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin qələmindən çıxan “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları şəhər ictimaiyyətinə, oxuculara təqdim edilib.

Bakı. Mayın 19-da Gəncədə “LİBRAFF” kitab mağazasının təşkilatçılığı ilə keçirilən imza günündə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin qələmindən çıxan “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları şəhər ictimaiyyətinə, oxuculara təqdim edilib. Trend-in məlumatına görə, imza günündə, həmçinin müəllifin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı uzun illər ərzində apardığı araşdırmalar zamanı topladığı orijinal materiallar, nadir foto şəkillər və sənədlər sərgilənib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu, Azərbaycan Yazışılar Birliyinin Gəncə şöbəsinin, Cümhuriyyət muzeyinin əməkdaşları, şəhər ictimaiyyəti, ali məktəblərin müəllim və tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “LİBRAFF” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü olduğunu, bu münasibətlə də tədbirlər planı hazırlandığını bildirib. Natiq Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətini diqqətə çatdırıb. İlboyu AXC ilə bağlı tədbirlərin davam edəcəyini söyləyən Ü.Allahverdiyeva ilk tədbirin məhz Gəncədə keçirilməsinin tarixi əhəmiyyəti olduğunu bildirib: “Çünki Gəncə Cümhuriyyətimizin ilk paytaxtı olub, biz də bu məqsədlə ilk tədbirimizi burada keçirməyi qərara aldıq”.