Bizə məxsus ruslaşdırılan adlar


Digərləri 21 May 2018 09:19:12 270 0

Bizə məxsus ruslaşdırılan adlar

Son illər ərzində Azərbaycanda Türkiyə istehsallı serialların qəhrəmanlarının adlarına marağın artması ilə yanaşı, yenidoğulanlara Azərbaycan adlarının rus dilində olan tələffüzü ilə qoyulması, başqa sözlə, adların ruslaşdırılması halları da müşahidə edilir.

Son.az xəbər verir ki, Trend-in apardığı araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan dilində olan adların "rusdilli ad"lara çevrilməsi üçün əsasən adın qrammatik baxımdan düzgün yazılışında olan "ə" saiti "a" saiti ilə əvəz edilib.

Araşdırmalardan belə qənaətə gəlmək olar ki, "rusdilli ad"lar arasında ən geniş yayılanı nöqsansız, tam, yetkin, kamala çatmış, savadlı, elmli mənasını verən, ərəb mənşəli Kamilə adıdır. Sadəcə olaraq, bu ad əksər hallarda yenidoğulanlara Kamilə kimi deyil, Kamilla, bəzən isə Kamila kimi qoyulur.

Yeri gəlmişkən qeyd edək ki, son 5 il ərzində yenidoğulanlara bu adın ruslaşdırılmış formada qoyulması halları onun dilimizin qrammatik qaydalarına uyğun, yəni düzgün yazılış forması ilə qoyulması hallarından çox olub. Belə ki, son 5 il ərzində Kamilə adını cəmi 143 nəfər öz uşağına qoyub. Bu müddətdə Kamilla adı 157, Kamila 19 nəfərə qoyulub.

Azərbaycanda rus dilinə uyğunlaşdırılaraq uşaqlara qoyulan adlar sırasında dini hesab edilən adlar da yer alıb.

Son 5 il ərzində Madina (düzgün yazılış forması: Mədinə) 89, Fatima (Fatimə) 48, Zeynab (Zeynəb) 41, Maryam (Məryəm) 37, Zehra (Zəhra) 22, Zahra (Zəhra) 25, Xadica (Xədicə) 6, Zuleyxa (Züleyxa) 6 nəfərə qoyulub.