"Azərbaycandan olan torpaq sahibləri..."


Digərləri 20 May 2018 21:10:00 334 0

"Azərbaycandan olan torpaq sahibləri..."

Gürcüstanda kənd təsərrüfatına yararlı torpaqların 0,9 faizi xarici ölkə vətəndaşlarına məxsusdur.

Son.az xəbər verir ki, Gürcüstanın "Gələcəyin fermeri" qeyri-hökumət təşkilatının rəhbəri Rusudan Qiqaşvili "report"-a bildirib ki, bəzi Avropa ölkələrində kənd təsərrüfatına yararlı torpaqların 20 faizi xarici ölkə vətəndaşlarına məxsusdur. Gürcüstanda isə bu rəqəm 0,9 faizdir. Bu Avropaya inteqrasiya edən, kənd təsərrüfatını inkişaf etdirmək istəyən Gürcüstan üçün olduqca aşağı göstəricidir.

Onun sözlərinə görə, Gürcüstan hökuməti aqrar torpaqları xaricilərə satmaqda ehtiyat edir: "Bu normal haldır. Lakin belə davam edə bilməz. Xarici vətəndaşlar torpaq almaqla ölkədə kənd təsərrüfatının inkişafına təkan vermiş olurlar. Ona görə də məsələnin həlli yolunu tapmaq lazımdır. Bu gün Gürcüstanda torpaq alan xaricilərin bəziləri həmin torpaqlardan istifadə etmirlər. Amma Azərbaycandan olan torpaq sahibləri aldıqları əraziləri becərir və yaxşı məhsul götürürlər", - deyə fermer vurğulayıb.

Fermerlərin hesablamalarına görə, 2017-ci ildə aqrar torpaqlardan istifadə son dörd ildə ən aşağı həddə düşüb. Belə ki, ötən il 214 min 900 hektar sahədə əkin işləri həyata keçirilib. Bu rəqəm 2014-cü ildə 274 min 900 hektar, 2016-cı ildə 240 000 hektar, 2015-ci ildə 263 min 700 hektar olub.

Qonşu ölkədə taxıl məhsullarının əkini də aşağı düşüb. Belə ki, 2014-cü ildə 58 min 400 hektarda, 2015-ci ildə 56 min 200 hektarda, 2016-cı ildə 60 min 500, 2017-ci ildə isə 52 min 500 hektarda taxıl məhsulu əkilib.