Ramazanda düzgün qidalanmağın yolları


Digərləri 20 May 2018 19:10:00 256 0

Ramazanda düzgün qidalanmağın yolları

Diyetoloq Tutu Zeynalova: "Ramazan ayında kilonu nəzarətdə saxlamaq üçün qədərində və balanslı qidalanmaq lazımdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq iki gündür ki, on bir ayın sultanı müqəddəs Ramazan ayı başlayıb. Bu ay insanın həm fiziki, həm də mənəvi baxımdan təmizləndiyi aydır desək, yanılmarıq. Bəziləri düşünür ki, Ramazan ayı insanın nəfsi, iradəsi ilə imtahanıdır. Çünki insan bu ayda dünya nemətlərindən uzaq qalmağı, nəfsini tərbiyələndirməyi, iradəsinə sahib çıxmağı, aclığa dözümlü olmağı öyrənir. Bir ay boyunca tutulan oruclar insan sağlamlığında çox böyük əhəmiyyətə malikdir. 

Hələ qədim zamanlardan başlayaraq günümüzədək oruc insan sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi nəzərdə tutulub. İslamdan çox əvvəllər də alimlər müəyyən müddət ac qalmağı, yəni oruc tutmağı tövsiyə ediblər. Elə müasir dövrdə də oruc vasitəsilə bir çox xəstəliklərə əlac tapmaq mümkün olur. Bu gün həkimlər, həmçinin diyetoloqlar da təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati əhəmiyyət kəsb edir. Həkim-qastroenteroloqların sözlərinə görə, oruc tutmaq faydalıdır, insan orqanizminə xeyirlidir. İnsan qidalanarkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkündür. Oruc tutarkən isə mədə, bağırsaqlar, qaraciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, oruc tutmağın müsbət təsirinə məruz qalmasın.