Tanınmış cərrah işdən çıxarılmasına aydınlıq gətirdi


Digərləri 20 May 2018 18:14:00 345 0

Tanınmış cərrah işdən çıxarılmasına aydınlıq gətirdi

Məşhur kardiocərrah, tibb elmləri doktoru, deputat Rəşad Mahmudov Bakı Ürək Mərkəzindəki işindən ayrılması ilə bağlı xəbər saytlarında və sosial mediada yayılan xəbərlərə münasibət bildirib.

Son.az oxu.az-a istinadən bildirir ki, millət vəkilinin açıqlamasında deyilir ki, Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunub və buradakı fəaliyyəti ilə bağlı onunla 1 illik əmək müqaviləsi bağlanıb.

O, açıqlamasında qeyd edir ki, müqaviləyə görə əsas vəzifələri Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub:

"Ümid edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi hazırda regionun qabaqcıl müalicə müəssisələrindən birinə çevrilib. Artıq müqavilənin müddəti başa çatıb.

Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb. Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də, həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır.