Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib


Digərləri 20 May 2018 08:10:00 232 0

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.

Bakı. Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli yağış nəticəsində bəzi çaylarda sululuq artıb, Talaçay və Gorançay çaylarından qısamüddətli daşqın və sel keçib. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edib. Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 460 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 600 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 40 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 249 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 218 m3/s təşkil edərək ongünlük normanın 107 faizinə bərabər olub.