Birbirinə güvəni xoşbəxtlik çeşməsi olan ailə FOTO


Digərləri 20 May 2018 05:30:00 300 0

Birbirinə güvəni xoşbəxtlik çeşməsi olan ailə  FOTO

Fidan Rüstəmova: "Bir münasibətdə zərrə qədər inamsızlıq varsa, həmişə ailəni narahat edəcək"

Sərxan Rüstəmov: "Kişi və ya qadın işdən çıxıb evə getmək istəmirsə, demək ki, nə isə problem var" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Belə bir deyim var: "O, insanı tanrı taleyinə yazıbsa, onu səndən heç kim ayıra bilməz. Hər nə olursa-olsun əvvəl-axır onunla qarşılaşıb həyat yolunda bir addımlayacaqsan". Rubrikamızın budəfəki qonaqlarının da tanışlıqları belə olub. Müsahibimiz vlogger Sərxan Rüstəmov və həyat yoldaşı Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının xor kapellasının xor artisti Fidan Rüstəmovadır.   Hər ikisi Qax rayonundandır, tanışlıqları hələ məktəb illərindən başlayıb. 9-cu sinifdən sonra Fidan təhsil üçün Bakıya gəlsə də, tətillərdə rayona gedəndə bir-birlərini görürdülər. Düzdür, həmin dövrdə ciddi bir sevgi münasibəti olmayıb. Realda başlayan əlaqə yavaş-yavaş virtuala keçir. Həm eyni rayondan olmaları, həm də orta məktəbdən olan əlaqələri onların münasibətinin davam etməsinə səbəb olub. Beləcə, zaman öz sözünü deyərək Sərxanla Fidanın bir-birini tanımasına, onların yaxınlaşmasına şərait yaradıb. Artıq 3 ildir ki, evlidirlər və Məhəmmədəmin adında iki yaşlı bir övladları var.

Bir insanı tanrı qismətimizə yazmayıbsa...   Cütlüyümüzlə söhbət zamanı iki insanın ailə qurması üçün bir-birini nə qədər müddətə və necə tanımalı olduğunu soruşduq. Hər ikisi tanışlıq müddətini uzatmağın tərəfdarı olmadıqlarını dedilər. Alın yazısına, qismətə inanan Fidan bildirir ki, əgər bir insanı tanrı sənin qismətinə yazıbsa, onunla əvvəl-axır münasibətin alınır: "Bəzən cütlüklər uzun müddət bir-birilərini tanımağa çalışırlar. Amma bunun üçün elə də uzun müddət lazım olduğunu düşünmürəm. Əksinə, zamanın uzanması tərəfləri bezdirə, münasibəti maraqsızlaşdıra bilər. Həm də ki, bir insanı tanrı qismətimizə yazmayıbsa, nə qədər müddət danışıb tanımağa çalışsaq da, həmin münasibət evliliklə bitməz. Evlilik çox böyük məsuliyyət tələb edən işdir. Nə çox tələsmək, nə də çox uzatmaq olar.  Elə bizim münasibətimizdə də tanışlıq müddəti nə çox uzun, nə də çox qısa oldu. Ciddi münasibətə başladıqdan il yarım sonra evləndik".   Sərxan isə düşünür ki, bir insanı tanımaq üçün onunla birlikdə zaman keçirməlisən: "İnsanı tanımaq üçün konkret bir zaman kəsiyi göstərmək mümkün deyil. Heç kim deyə bilməz ki, bu qədər müddətə bir insanı tanımaq olar. Çünki insanlar özlərini olduqları kimi göstərmirlər. Gərək həmin insanla birlikdə zaman keçirəsən, onun düşüncələrini, həyata baxışını öyrənəsən. Və hansısa bir məqamda qarşı tərəf öz xarakterini büruzə verir. Bunun üçün elə də uzun zamana ehtiyac yoxdur. Məncə, qarşındakı insanı tanıdıqdan sonra bütün mənfi və müsbət keyfiyyətləri ilə qəbul edirsənsə, zamanı uzatmadan evlənə bilərsən".

Zamanla kimisə dəyişə biləcəyimizi düşünməməliyik   Müsbət və mənfi keyfiyyətlərdən danışmışkən, görəsən cütlüyümüz bir-birində hansı mənfilikləri müşahidə edib? Maraqlısı budur ki, hər ikisi qarşı tərəfin iş ucbatından bir-birlərinə zaman ayırmadığından şikayətləndilər.

Fidan düşünür ki, ideal insan yoxdur, hər kəsin mənfi xüsusiyyətləri ola bilər. Əsas olan bütün bunları bilərək ailə qurmaqdır: "Əlbəttə, hamımızın özünə görə mənfilikləri var. Heç mən də ideal deyiləm. Bəzi kiçik nüanslara görə münasibətin müqəddəratını həll etmək doğru olmaz. Və biz zamanla kimisə dəyişə biləcəyimizi düşünməməliyik. Bəzi cütlüklər evlilikdən sonra qarşı tərəfin mənfi saydığı xüsusiyyətlərini dəyişmək istəyir. Amma bu heç düzgün deyil. İnsanı gərək olduğu kimi qəbul edəsən. Kimisə dəyişməyə çalışmaq hər iki tərəfi üzməkdən başqa bir işə yaramaz. Sərxanda isə mənfi deməzdim, amma xoşuma gəlməyən cəhət evdə olanda kompüterdə və telefonda daha çox zaman keçirməsidir. Bunun işlə əlaqəli olduğunu bilsəm də, yenə də istəyirəm ki, özünü ancaq ailəmizə həsr etsin".   Sərxan deyir ki, Fidan ev işlərinə daha çox zaman ayırır, özünü çox yorur: "Əslində, bu, bütün Azərbaycan xanımlarına xas olan xüsusiyyətdir. Yeni evləndiyimiz dönəmlərdə daha çox mətbəx işləri ilə məşğul olurdu. Yavaş-yavaş artıq hər şey qaydasına düşür. Oğlumuz dünyaya gələndən sonra daha çox onunla zaman keçirir. Onun yaxşı tərbiyə alması, bir şəxsiyyət kimi yetişməsi üçün əlindən gələni edir".


Xəbərə aid fotolar