Gün eynəyi seçərkən nələrə diqqət etməli?


Digərləri 19 May 2018 21:25:00 222 0

Gün eynəyi seçərkən nələrə diqqət etməli?

Qurban İsmayılov: "Gün eynəkləri də həkim məsləhəti ilə alınmalıdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Qarşıdan yay gəlir. Əksəriyyət öz qarderobunu yeniləyir və mövsümə uyğun geyim, aksesuarlar almağa çalışır. Yəqin ki, bir çoxlarımızın yayda ən çox istifadə etdiyi aksesuarlar arasında gün eynəkləri özünəməxsus yer tutur. Adətən, eynək alarkən hər kəs öz zövqünü  əsas götürür. Bəs görəsən seçim qarşısında qalarkən nələrə diqqət edilməlidir? Keyfiyyətli gün eynəyini necə təyin edə bilərik? Ümumiyyətlə, düzgün seçilməyən gün eynəklərinin orqanizmə hansı mənfi təsirləri ola bilər.   Suallarımızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov cavablandırdı. O, bizimlə söhbətində bir sıra maraqlı məqamları qeyd etdi: "Gün eynəklərinin gözə mənfi təsirləri haqqında əksər insanlarda yanlış fikir formalaşıb. Əslində isə optik eynəklərdən fərqli olaraq, gün eynəkləri yalnız günəş şüasını orqanizmə miqdarından artıq keçirdiyi zaman mənfi təsirli olur. Əgər istifadə etdiyiniz eynəyin günəş şüalarını qarşılamaq qabiliyyəti normal səviyyədə deyilsə, bu zaman gözə düşən şüaların miqdarı həddən artıq ola bilir. Belə olan təqdirdə isə  işığın toksik təsirindən gözdə müxtəlif xəstəliklər əmələ gələ bilər. Ona görə, gün eynəkləri də optik eynəklər kimi həkim məsləhəti ilə alınmalıdır. Çünki yalnız göz həkimləri eynəyin şüa sındırma dərəcəsi və digər parametrlərinin insanın gözünə uyğun olduğunu təyin edə bilər. Dünyanın bir çox ölkələrində istər optik, istərsə də gün eynəyi həkim nəzarəti olan yerlərdə satılır. Təəssüflər olsun ki, Azərbaycanda hələlik bu qayda tam formalaşmayıb. Bəzən hətta küçələrdə belə gün eynəklərinin satıldığını görə bilirik. Məsləhət görərdim ki, eynəklər mütləq həkim məsləhəti əsasında alınsın".


Xəbərə aid foto