Körpə uşaqların göz zəifliyinin səbəbi nədir?


Digərləri 19 May 2018 20:19:00 296 0

Körpə uşaqların göz zəifliyinin səbəbi nədir?

Erkən doğulan uşaqlar uzağı yaxşı görmür 

Əlinin 3 yaşı var. Bir ilə yaxındır ki, uzağı yaxşı görmək üçün eynəkdən istifadə edir. Bu problemdən əziyyət çəkən yalnız Əli deyil. Əlinin həmyaşıdları, hətta ondan yaşca kiçik olan bir çox uşaq uzağı normal görə bilmir və eynək taxmaq məcburiyyətində qalır.

Əvvəllər insanlar müəyyən yaş həddindən sonra eynək taxardı. Lakin illər keçdikcə bu xəstəlik cavanlaşdı. Bu gün orta məktəblərdə siniflərə daxil olarkən 10-20 il əvvələ nisbətən, daha çox eynəkli uşaqlara rast gəlirik. Məktəb dövründəki uşaqların göz zəifliyinin səbəbini planşetlər, telefonlarla əlaqələndirirlər. Hətta "kitabı çox oxuduğuna görə gözləri zəifləyir" deyənlər belə var. Bəs Əli kimi azyaşlı uşaqların göz zəifliyinin səbəbi nədir?

İnsan orqanizminin ən əsas duyğu qabiliyyətlərindən biri olan görmə uşaq dünyaya gəldikdən 3-4 ay sonra inkişaf etməyə başlayır. Göz dünyanın gözəlliklərini bizə göstərən, öyrənmə və qavrama qabiliyyətimizin 85 faizini bizə bəxş edən və beyindən sonra ən mürəkkəb orqanımızdır. Göz zəifliyinin cavanlaşması, yeni doğulan uşaqların bu çətinliklə üzləşməsi həyəcan təbili çaldırır.

"Miyopiya xəstəlik deyil, qüsurdur"

Oftalmoloq-cərrah Günay Əliyeva deyir ki, yaxından görmə - miyopiya anadangəlmə qüsurdur və sonradan yaranmır: "Miyopiya elə bir göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur. Miyopiyalı insan yaxından yaxşı gördüyü üçün xəstəliyin adına yaxından görmə də deyilir. Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir - göz öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır. Əsasən anadangəlmə və genlərlə keçən qüsurdur ki, göz alması normadan böyük olur və ona görə də, yaxını yaxşı, uzağı pis görürük".

Həkim deyir ki, bu, anadangəlmə qüsur olsa da, məktəbəqədər dövrdə özünü kəskin büruzə verə bilər: "Bu xəstəlik bir çox hallarda, genetik olur. Əgər valideynlərin ikisində də yüksək dərəcəli miyopiya varsa, demək olar ki, uşaqda yüz faiz olacaq. Əgər valideynlərin heç olmasa, birində göz mənfiliyi varsa, onda uşaqları da 50 faiz bu problemlə qarşılaşa bilərlər".

Həkimin sözlərinə görə, vaxtından erkən doğulan uşaqlarda yüksək dərəcədə miyopiya olur. Ona görə də, vaxtından tez doğulan uşaqları göz həkiminə göstərmədən xəstəxanadan çıxarmaq olmaz: "Damarlar tam inkişaf etmədiyi üçün erkən doğulan uşaqlarda bu problem özünü büruzə verir. Erkən doğulan uşaqlar bir çox hallarda uzağı yaxşı görmür. Biz miyopiyaya xəstəlik demirik. Bu, anadangəlmə qüsurdur və gözün quruluşu ilə bağlıdır".

Həkim vurğulayır ki, genetik ötürülən xəstəliklərin müalicəsi yoxdur: "İrsi ötürülən problemlər xəstəlik deyil, qüsurdur. Artıq göz anadangəlmə qüsurlu olur və quruluşu da fərqlidir. Xəstəlik olanda, müalicəsi mümkündür. Biz sadəcə nəzarətdə saxlayırıq ki, uşağın gözü həmişə işləsin, göz tənbəlliyi yaranmasın. Bizim vəzifəmiz uşaqlarda tənbəl gözlülüyün qarşısını almaqdır. Onu da 0-7 yaşına qədər effektiv müalicə edirik. Göz tənbəlliyinə səbəb olan şərtlər mümkün qədər tez aradan qaldırılmalı və vizual sinir stimullaşdırılmalıdır. Ona görə də, uşaqları daha erkən müayinəyə gətirib, həkimin dediklərinə əməl etmək lazımdır. Uşaq doğulandan sonra ilk 6 ay müddətində kontrol müayinə edilməlidir. Əgər hər şey qaydasındadırsa, ildə bir dəfə göz müayinəsinə gətirmək lazımdır".


Xəbərə aid fotolar