Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlar komitəsi yaradılıb


Digərləri 19 May 2018 12:30:36 279 0

Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlar komitəsi yaradılıb

Bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb.

Bakı. Ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlar komitəsi yaradılıb. Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, “Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommmunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb. Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir. “Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar komitəsinin yaradılması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müsbət rəyini alıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 2 mart 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Dəmirbank” ASC-nin Kreditorlar Komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və bankın Kreditorlar Komitəsinin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.