Avropanın media nəhəngləri "Facebook"a qarşı - İCMAL


Digərləri 19 May 2018 10:54:00 158 0

Avropanın media nəhəngləri "Facebook"a qarşı - İCMAL

“Google” və “Facebook” Avropanın media bazarının 40 faizinə nəzarət edir

Avropanın aparıcı onlayn və çap mediasının nümayəndələri “Facebook”un fəaliyyətinin tənzimlənməsini tələb edirlər. Bu günlərdə Avropa Qəzetçilər Konqresinin (European Newspaper Congress) Vyanada keçirilən toplantısında da bu məsələ əsas müzakirə mövzusu olub. Avropa media kapitanları xüsusilə “Facebook” istifadəçilərinin məlumatlarından istifadə edilməsi ilə bağlı "Cambridge Analytica" şirkəti ətrafında yaranan qalmaqalla bağlı narahatlıqlarını ifadə ediblər.

“Facebook” cəmiyyətdə sosial uçurum yaradır

Avropa Qəzetçilər Konqresinin təsisçisi Yohan Oberauer (Johann Oberauer) çıxışında əsas diqqəti “Facebook”un tənzimlənməsinin vacibliyinə yönəldib: "Bu sosial şəbəkə də media nümayəndəsi kimi fəaliyyət göstərir. Bu gün rəqəmsal dünya bir çoxlarını qadağalardan azad edir. Onlayn, çap mediası, həmçinin radio və televiziya gündəlik sosial şəbəkələrdə yayılan təhqirlərin işıq üzü görməsinə yol vermirlər. "Cambridge Analitica" ətrafında baş verən olay isə kütləvi informasiya vasitələrinin uzun illərdir sübuta yetirməyə çalışdığı bir şeyi təsdiqlədi - “Facebook” cəmiyyət və dəyərlər sistemi üçün təhlükədir, təhqirlərin yayılmasına şərait yaradır”. O, Mark Sukerberqi yalnız gəlir əldə etməyi düşünməkdə, insanlardan faydalanmaqda ittiham edib: “Əslində, sosial şəbəkələrin vəzifəsi insanları birləşdirmək olmalıdır. Ancaq onlar sosial uçurum yaradırlar və hər gün daha çox insanı bu uçuruma sürükləyirlər”.

Johann Oberauer

Bu şəbəkə sosial gərginlik yaradır

Almaniyanın Siyasi Təhsil üzrə Federal Agentliyinin prezidenti Tomas Krüger (Thomas Krüger) isə “Facebook” alqoritmlərinin şəffaflığına toxunub: “Facebook” insanların kommunikasiyasını təmin edən bir dünya vəd edir, lakin orada hər kəs özünün haqlı olduğunu bəyan edərək sosial gərginlik yaradır. Ona görə də bu məsələlərin tənzimlənməsi vacibdir. Digər tərəfdən, bu sosial şəbəkənin qlobal layihə olduğunu bəyan etsələr də, nəticə etibarilə ABŞ-ın layihəsidir və bu səbəbdən bu ölkənin icra orqanlarının bütün bazaya çıxış əldə etməsi təəcüblü gəlməməlidir”.

European Newspaper Congress

Siyasətçilərin günümüzə hesablanmış məlumatlar üzərində işləməsi təəssüf doğurur

Almaniyanın “Bayer” şirkətinin Direktorlar Şurasının sədri Verner Baumann (Werner Baumann) çıxışında böyük şirkətlərin fəaliyyətində cəmiyyətin rifahı üçün uzunmüddətli strategiya dayandığını, lakin sosial şəbəkələrdə yalnız gündəlik mövzularının sürətli şəkildə yayıldığını bildirib: “Sosial şəbəkələrin yaratdığı xaos mühitində istənilən mövzu ilə bağlı hər kəs daha uca səslə qışqırmaq istəyir, insanlar da peşəkarların deyil, daha bərk səs ucaldanların fikirlərinin arxasınca gedirlər. Təəssüf ki, artıq siyasətçilər də media və sosial şəbəkələrin qaldırdığı və bu günə hesablanmış məlumatlar üzərində işləyirlər, insanların rifahı naminə uzunmüddətli strategiya qurmaqdan imtina edirlər".

“Facebook” və “Google” - media gəlirlərinin qənimi

İsveçrənin “Tamedia” şirkətinin baş redaktoru Artur Rutisauzer (Arthur Rutishauser) isə vurğulayıb ki, sosial şəbəkələrin inkişaf etməsi ilə rəhbərlik etdiyi şirkətin reklam bazarı 35 faiz aşağı düşüb.

“Burda” Media Holdinqinin baş direktoru Filip Uelt (Philipp Welte) ümumi medianın reklam bazarının araşdırılması nəticəsində “Google” və “Facebook”un Avropanın media bazarının 40 faizinə nəzarət etdiyini bildirib.

Media reklam bazarı uğrunda mübarizəyə başlamalıdır

Puls4 TV-nin rəhbəri, avstriyalı politoloq və jurnalist Korina Milborn (Corinna Milborn) isə medianı “Facebook"la mübarizədə birləşməyə çağırıb: “Bu sosial şəbəkə monopoliya quraraq kütləvi informasiya vasitələrinə verdiyindən çox alır. Ona görə də ümumi reklam bazarı uğrunda mübarizəyə başlamaq lazımdır. “Facebook” ənənəvi media qurumlarının çörəyini əlindən almaqla məşğuldur”. O qeyd edib ki, Avropa media qurumları reklam bazarı uğrunda bir-biri ilə mübarizə aparırlar, lakin asanlıqla öz kontentlərini “Facebook”a pulsuz şəkildə təqdim edirlər.

Almaniyanın “DvH Medien GmbH” Media Holdinqi və “Die Zeit” həftəlik qəzetinin icraçı direktoru Rayner Esser (Rainer Esser) çıxışı zamanı "Facebook"a dəstək nümayiş etdirib və sözügedən sosial şəbəkənin qanunlar çərçivəsində fəaliyyət göstərərək yaxşı biznes model nəticəsində maliyyə baxımdan sıçrayışa nail olduğunu vurğulayıb: “İnsanların bizim xəbər portallarında deyil, “Facebook”da daha çox vaxt keçirməsi bizim problemimizdir. Onlardan bizim öyrənəcəyimiz bir çox şey var və daha yaxşı işləməliyik ki, “Facebook”un əldə etdiyi gəlirlərin bir hissəsini qaytaraq”. O, “Facebook”un telekanalların reklam büdcəsinə şərik olduğunu şərh edərkən vaxtilə TV-lərin də çap mediasından daha böyük həcmdə reklam büdcəsini öz əllərinə keçirdiklərini bildirib. R.Esser qeyd edib ki, “Facebook” və “Google” internet-trafikin 30%-ə qədərini təmin edir, bu səbəbdən onlarla əməkdaşlıq vacibdir.

Qeyd edək ki, Azərbaycan media təmsilçilərinin “European Newspaper Congress – 2018”də iştirakı “Japan Tobacco International” (JTI) şirkətinin tərəfdaşlığı ilə həyata keçirilib.Ümumilikdə, 500-dək media təmsilçisini bir araya gətirən Konqressdəaparıcı media qurumlarından 47 nəfər 31 mövzuda məruzə iləçıxış ediblər.