Altsheymer xəstəliyinin müalicəsində mühüm mərhələ


Digərləri 19 May 2018 07:32:00 246 0

Altsheymer xəstəliyinin müalicəsində mühüm mərhələ

Fantastik filmlərin əsas mövzularından biri olan yaddaş köçürülməsi getdikcə elmi reallığa çevrilir. Alimlər ribonuklein turşusu (RNT) adlandırılan genetik məlumatı bir ilbizdən digərinə köçürməklə buna müvəffəq olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "eNeuro" elmi jurnalında dərc edilən və yaddaşın fiziki təməlləri mövzusunda yeni dəlillər əldə edilməsinə ümid bəslənilən tədqiqatlar zamanı Aplisiya adlandırılmış ilbizə aşağı dozada elektrik cərəyanı yeridilib və onun reaksiyası araşdırılıb. Məlum olub ki, ardıcıl elektrik cərəyanı alan ilbiz 50 saniyə davam edən qıvrılmalarla özünümüdafiə cəhdi göstərdiyi halda, bu təsirə ani məruz qalan ilbiz yalnız bir saniyəlik reaksiya verib. Bunun sayəsində elektrik cərəyanına alışdırılan ilbiz daha həssas vəziyyətə gətirilib. Onun sinir sistemindən əldə edilən RNA digər ilbizə köçürülüb. Bu transferdən sonra həmin ilbiz də bənzər özünümüdafiə hərəkətlərini 40 saniyə ərzində təkrar edib.

Kaliforniya Universitetinin professoru Devid Qlenzmen bildirib ki, bu təcrübələr ilə sanki "bir yaddaş köçürülüb". Tədqiqatlar zamanı ilbizlərin heç bir zərər görmədiyini diqqətə çatdıran professor əlavə edib: "Bunlar dəniz ilbizləridir və həyəcan vəziyyətində özlərini ovçulardan qoruyan çəhrayı mürəkkəb ifraz edirlər. Onlar bu hərəkəti təcrübələrin gedişində də ediblər, amma elektrik cərəyanından zərər görməyiblər".