1 milyon dolları qazanmaq üçün əla fürsət


Digərləri 18 May 2018 19:42:00 239 0

1 milyon dolları qazanmaq üçün əla fürsət

Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq.

Bakı. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə 6-cı dəfə Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq. Şirkətdən Trend-ə verilən məlumata görə, 8 iyun 2018-ci il tarixdə ADA Universitetində Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparacaq. Qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə bilərlər. Meyarlara uyğun olan startaplar yarışa qatılmaq üçün https://www.seedstarsworld.com/event/seedstars-baku-2018 linki vasitəsilə may ayının sonuna qədər qeydiyyatdan keçməlidirlər. Qeyd edək ki, tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları diqqət mərkəzinə gətirməkdir. Bu məqsədlə Seedstars ən innovativ və yeni yaranan startapları müəyyən etmək üçün 65-dən çox ölkəyə səfər edir və onlara İsveçrədə keçirilən beynəlxalq Seedstars Sammitində 1 milyon ABŞ dollarına qədər investisiya vəsaiti əldə etmək, dünyanın müxtəlif ölkələrindən olan investorlar və mentorlarla əlaqələr qurmaq imkanı yaradır. Əvvəlki iştirakçılar toplam 92 milyon ABŞ dollarından artıq investisiya cəlb etmiş və bununla 2,100-dən çox iş yerinin yaranmasını təmin edmişdir.