Gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti olub


Kriminal 18 May 2018 18:24:00 340 0

Gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti olub

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində Kamança hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika  müsabiqəsinin yekun konserti keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək dövlətimizin mədəniyyət və incəsənətə göstərdiyi qayğıdan danışıb. Bildirib ki, tədbir ölkəmizdə bu il qeyd edilən iki mühüm hadisəyə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində mədəni irsimiz dünyada tanınır və təbliğ olunur. Bu qayğının nəticəsidir ki, aşıq sənəti, muğam, tar, kamança UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən - Qarabağ ənənəvi atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsında yer alır.

Qeyd edib ki, müsabiqədə məqsəd kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir. Müsabiqədə 3 yaş qrupu üzrə respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqi və humanitar kolleclərdən, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasından, Bülbül adına orta ixtisas musiqi məktəbindən şagird və tələbələr iştirak edib. Bu ilin aprel ayında müsabiqənin I turu regional mədəniyyət idarələri üzrə yerlərdə, II turu isə Bakı şəhərində keçirilib.