“İdeyadan biznesə” startap turunun Lənkəran üzrə qalibi müəyyənləşib


Digərləri 18 May 2018 18:08:10 182 0

“İdeyadan biznesə” startap turunun Lənkəran üzrə qalibi müəyyənləşib

“İdeyadan biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəran şəhərində keçirilib.

Bakı. “İdeyadan biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəran şəhərində keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Microsoft” şirkətinin təşkilatçılığı, “Azercell” şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə keçirdiyi startap turlarının məqsədi startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir. Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı, İmişli, Cəlilabad və digər ətraf rayon və şəhərlərdən olan 100-dək gənc qatılıb. Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli “İdeyadan biznesə” layihəsinin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçıları məlumatlandırıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan T.Kərimli innovativ ideyası olan gəncləri cəsarətli olmağa səsləyib. O, Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində startapçılara layihələrini reallaşdırmaq üçün lazımi şərait yaradıldığını da qeyd edib. “Microsoft Azərbaycan” şirkətinin nümayəndəsi Rüfət Əzizov çıxışında təmsil etdiyi şirkətin qlobal bazarda tutduğu mövqeyi xatırladaraq, startap ideyalarının böyük perspektivlərə yol açdığını qeyd edib. “AİESEC Azerbaycan”ın nümayəndəsi Fərid Əliyev isə geniş təqdimatla çıxış edərək, startap ideyalarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübədən danışıb. O, təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması üsulları ilə bağlı fikirlərini bölüşüb. Lənkəran Dövlət Universitetinin Elektron Universitet bölməsinin rəhbəri Mayis Eyniyev isə startap turunun Lənkəranda keçirilməsini təmsil olunduğu universitetin tələbələri üçün yaxşı şans kimi qiymətləndirib. Müasir dövrdə daha geniş imkanların olduğunu vurğulayan M. Eyniyev novator gənclərin bundan yararlanaraq biznes mühitinin fəal iştirakçısına çevrilə biləcəyini qeyd edib. Tədbir çərçivəsində daha sonra iştirakçılar üçün informativ sessiya keçirilib. Sessiyada gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması yolları öyrədilib.