"Qələt eləmişəm deyirsə..."


Şou-biznes 18 May 2018 14:54:00 247 0

"Qələt eləmişəm deyirsə..."

Hazırcavab aparıcı Aytən Səfərova "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları tamamlayıb.

Son.az aparıcının cavablarını təqdim edir:

- "Kökaltı", yoxsa "Xüsusi layihə...

- Zənnimcə, "Xüsusi layihə" artıq baxılır. "Kökaltı"nın populyarlaşması üçün uzun müddət lazım oldu. Yeni veriliş üçün zamana ehtiyac yoxdur, çünki indi sosial şəbəkələr çox aktivdir. Verilişin tanınmasında sosial şəbəkələrin rolu böyükdür.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Dünyasını dəyişmək, ölmək deməkdir. Mən hələ ki, yaşamaq və yaratmaq istəyirəm. Məcazi mənada verilən suala gəlincə, əlbəttə ki, müharibələrin əleyhinəyəm. Müharibələr xəstə təxəyyüldən, paxıllıqdan, tərbiyəsizlikdən, uşaqlıqda normal mənəvi tərbiyə görməməkdən, mənəvi yoxsulluqdan və digər problemlərdən dolayı baş verir. İstərdim ki, müharibələri yer üzündən yox edim.

- İndiki ağlım olsaydı...

- Anama çox cavab qaytarmazdım. Bu günə kimi çox cavab qaytarmışam, yaşa dolduqca ağıllanıram. Başa düşürəm ki, valideyn qədrini vaxtında bilmək lazımdır. Qızım mənim ikiqat hazırcavab versiyamdır. Odur ki, anamın nələr çəkdiyini indi anlayıram. Qızım çox düşüncəli və ağıllı uşaqdır. O, bəzən öz fikirlərini mənə aşılamaq istəyir. Onun baxış prizmasından nəzər salanda, müəyyən məsələlərdə mən qızım üçün geridə qalmış hesab olunuram. Belə də olmalıdır, təbii prosesdir.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Azərbaycanda 100 kişidən 99-u xəyanət edir. Qalan bir nəfər də gedir, amma yarı yoldan həyat yoldaşı zəng edir ki, uşaq xəstədir, ona görə də evə qayıtmalı olur. Bizim ölkədə xəyanət etməyən kişi yoxdur. Bilmirəm ki, bu, nədən irəli gəlir. Bəlkə də sadiq ərlər var, əgər varsa, onlara əhsən düşür. Sadəcə murdarçılıqdır.

Xəyanət sözü qeyri-ciddi səslənir. Zina sözünün isə böyük əhəmiyyəti və ağır yükü var.

Məncə, kişilər bic, onu ailəsindən ayıran, ailə dağıdan, onlara qarşı magiyalardan istifadə edən qadınları aldatmır. Nəticədə kişi zombiləşir və sözün əsl mənasından mal olur. Başı daşdan-daşa dəyəndən sonra kişi səhvini anlayır, amma onda da gec olur.

Addım atmazdan əvvəl insan həmişə düşünür, "Edim, ya etməyim?" sualları arasında seçim edir. Əgər bu adam bir dəfə xəyanət edibsə və hərəkətinə görə peşmandırsa, "Bağışla, qələt etmişəm, bir də olmayacaq", - deməyə cəsarəti çatırsa, bir dəfə ailə və övladların xətrinə bağışlamaq olar. İkinci dəfə təkrarlansa, çamadanı yığıb qapıya qoyursan, gələndə özü hər şeyi başa düşəcək.

Kişi unutmamalıdır ki, ondan da yaxşıları var. Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Əgər öz xanımının qədrini bilmirsənsə, kənara çəkil. Bəlkə qarşısına onu xoşbəxt edə biləcək bir başqası çıxacaq.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Maraqlı qadınlar həmişə və hər yerdə sevilir. Bəziləri deyir ki, Aytən Səfərova kökdür. Kök olsam da, bilirəm ki, çox maraqlı qadınam. İstənilən məclisdə oturanda bütün diqqət məndə olur. Əminəm ki, insanların maraq dairəsini cəlb edə bilirəm. Bir var ki, gözəl geyinib və bəzənib, hansısa məclisə gedirsən, amma danışanda insanların əti tökülür. Belə xanımları görəndə, istər-istəməz deyirsən ki, kaş ağzını açmazdı.

Qadın müəyyən məqamlarda fədakarlıq göstərməli, amma özünü tam fəda etməməlidir. Azərbaycan qadınlarının əsas problemi odur ki, bütün həyatını kişiyə qurban verir. Onda da bayaq danışdığımız xəyanət məsələsi gündəmə gəlir, gözü başqasını axtarır.

Qadının şıltaqlığı olmalıdır, lazım olanda naz etməli və küsməyi bacarmalıdır. Ümumiyyətlə, o, keçirdiyi duyğuları gizlətməməlidir. İndi kişilər arvadlardan daha çox küsür.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Yaş və ya quru kompleksim yoxdur. Açığını deyim, 40-a yaxın yaşım olsa da, görürəm ki, maşallah olsun, bir çox yaşıdlarımdan daha cavan görünürəm. Qadın baxımlı olanda həmişə gənc görünür. 40 yaşında bir qadın 25 yaşlı gənc qızdan daha baxımlıdırsa, onu kölgədə qoyacaq. Hesab edirəm ki, baxımlı qadınlar yaşını gizlədə bilər. Ümumiyyətlə, insanın iki yaşı olur, bir pasport, digəri isə zahiri görkəminə görə verilən yaş.

- Qadına qarşı şiddət...

- Bu, kişinin zəifliyidir. Kişi xeylağı qadına əl qaldırmamalıdır. Əgər yerini bilən xanımlardan söhbət gedirsə, münasibətim çox pisdir. Amma hərdən qadın o həddə çatdırır ki, kişi ona əl qaldırmağa məcbur olur. Kişi də bir neçə dəfə dözür, sonda səbri daşır və ona bir şillə vurur ki, özünə gəlsin. Ürəyi gedən adam da şillə vururlar ki, oyansın. O mənada nəzərdə tuturam. Bəzən belə şillə lazım olur, amma qadını döymək, bədən xəsarətləri yetirmək və zorakılıq tətbiq etmək, sözsüz ki, heç bir halda düzgün deyil.

- Vicdan...

- Bu gün Atv-də olmağımın, xalq arasında sadə insanlar tərəfindən sevilməyimin və həyatda Aytən Səfərova kimi yer tutmağımın səbəbi vicdanımdır. Çünki vicdanım haqsızlıqlara susmayıb və göz yummayıb. Odur ki, vicdanlı olmaq həyatımın əsas amillərindən biridir. Vicdan olan yerdə ədalət də, rifah da, ruzi və bərəkət də olacaq. Əslində ədalətsizliklərin və bir çox problemlərin kökündə vicdansızlıq dayanır.

- Yaradıcılıq...

- Super yaradıcı şəxs olduğumu iddia etmirəm, buna baxmayaraq, Azərbaycan televiziyasında çalışan aparıcılarla müqayisədə çoxundan yaradıcıyam. Ciddi məsələlərdə, iş prosesində nizam-intizam vacibdir. Onu da unutmaq olmaz ki, yaradıcılıq çərçivələrə sığmır. Yaradıcı insan heç vaxt əsgər rejimində çalışa bilməz.

- Tez-tez təəssüf edirəm ki...

- Yaşadıqlarımız alın yazısıdır. Yazıya da pozu yoxdur. Təəssüflənirəm ki, vaxtında bir neçə həmkarıma və qohumlarıma layiq olduğundan artıq dəyər vermişəm. Sonra anlamışam ki, səmimiyyətindən istifadə etməyə çalışıblar. Düzünü desəm, belə hallar məndə ciddi təəssüf hissi doğurmur. Çünki təəssüflənməyimə səbəb olan hadisə xasiyyətimin formalaşmasına və bərkiməsinə səbəb olub.

- Vanqa nənə ilə görüşsəydim...

- "Necəsən, nə var, nə yox?", "Bizi nələr gözləyir?", "Bu işlərin sonu necə olacaq?" və başqa suallar verərdim. Sözsüz ki, Vanqaya çoxlu suallarım olardı. Öz həyatım və gələcəyim barədə maraqlanardım.

Onu da soruşardım ki, nə vaxta qədər bu dığalar (ermənilər - red.) torpaqlarımızda at oynadacaq. Qarabağın azad olunacağı tarixi soruşardım ki, o vaxt orada hamıdan birinci olum və şad xəbəri camaata mən ötürüm.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Kinli adam deyiləm, birinci özüm addım atmağa çalışıram, böyüklüyümü göstərirəm. Təəssüf ki, Azərbaycanda böyüklüyü çox adam düz anlamır.