Hesablama Palatasının səlahiyyətləri artırıldı


Digərləri 18 May 2018 14:29:54 287 0

Hesablama Palatasının səlahiyyətləri artırıldı

Bu gün Milli Məclisin plenar iclasında yenidən hazırlanan "Hesablama Palatası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, yeni qanun layihəsində maddələrin sayı artıb.

6 fəsil 41 maddədən ibarət olan layihədə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir.

Z.Səmədzadə bildirib ki, qanun layihəsində maliyyə, uyğunluq və səmərəlilik auditi öz əksini tapıb.

Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir. Qanun layihəsində Hesablama Palatası dövlət vəsaitlərinin xəzinə hesabına və kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil ola biləcək.