Nəfsin sınağından üzüağ çıxmaq üçün həkim məsləhəti


Digərləri 17 May 2018 22:33:00 321 0

Nəfsin sınağından üzüağ çıxmaq üçün həkim məsləhəti

Həkim bildirir ki, imsak vaxtı duzlu və ədviyyatlı yeməklər yeyilməməli və çox su içilməlidir

Bu gündən müsəlman dünyasının müqəddəs ayı hesab olunan Ramazan başlayır. Oruc tutan insanlar nəfslərinə qalib gəlib, 13-14 saat ərzində ac qalacaqlar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkim terapevt Məlahət Abbasova açıqlamasında oruc tutan insanlara faydalı məsləhətlər verib.

M.Abbasova əvvəlcə onu qeyd edib ki, aclıq müddətində qanda olan şəkərin miqdarı azalır. Ona görə imsak vaxtı yemək yemələri mütləqdir: "Bəzi insanlar səhərlər yuxudan durmağa çətinlik çəkdiyi üçün gündə bir dəfə yemək yeyirlər. Bu da orqanizm üçün zərərlidir. Əgər oruc tutan şəxslər səhər yemək yemirlərsə, bu zaman şəkərin miqdarı daha tez saatlarda aşağı enir".

"Buna görə də, qandakı şəkəri tənzimləmək üçün mədədə uzun müddət qalan və qandakı şəkərə ani təsir etməyən qidalar seçilməlidir. Qiyməli, tərəvəzli yeməklər və ya taxıl şorbalarına, kəpəkli çörəyə, az duzlu pendirə üstünlük verilməlidir. Meyvə yeyilməli və bol su içməlidir. Qidalar asta-asta və yaxşı-yaxşı çeynəyərək qəbul edilməlidir. Çiy tərəvəz, pomidor, xiyar və bu kimi qidalar səhər yeməyində çox yeyilməlidir", - terapevt deyib.

Həkim bildirir ki, imsak vaxtı duzlu və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır. Kolbasa, sosiska və bənzər qidalarda da doymuş yağ olduğuna görə, yeyilməsi riskli olan qidalardır.