Azərbaycanda dolu buludları atəş açılmaqla dağıdıla bilər


Digərləri 17 May 2018 21:31:00 221 0

Azərbaycanda dolu buludları atəş açılmaqla dağıdıla bilər

Azərbaycanda kənd təsərrüfatı məqsədləri üçün doluya qarşı mübarizə sisteminin yaradılması ilə bağlı təkliflər hazırlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Hazırda doludan müdafiə sisteminin qurulmasının gündəlikdə olduğunu deyən M.Həsənov qeyd edib ki, sovet dövründə belə bir sistem mövcud olub və onun nəticələri çox effektiv olub:

"Lakin 80-ci illərin sonunda bu sistem ləğv edilib. İndi sistemin yenidən bərpası məsələsi gündəmdədir. Belə bir sistemin qurulması metodikasının hazırlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təkliflər hazırlanaraq Nazirlər Kabinetinə (NK) təqdim edilib. Təklflər paketi rəy alınmasi üçün NK tərəfindən aidiyyatı qurumlara, o cümlədən AMEA Coğrafiya İnstitutuna da təqdim edilib. Hazırda təklflər müzakirə edilir. Bu sistemin qurulması artıq hökumətin səlahiyyətində olan məsələdir".

M.Həsənov bildirib ki, təkliflərdə ETSN-nin nəzdində doluya qarşı mübarizə qurumunun yaradılması, Şəki- Zaqatala, Şamaxı-İsmayıllı, Gəncə-Qazax zonasında, eləcə də Şəmkirdə, Daşkəsəndə qrad tipli silahların quraşdırılması məsələləri öz əksini tapıb. Bu təkliflər reallaşacağı təqdirdə həmin ərazilərdə bu silahlardan atəş açma yolu ilə dolu buludları dağıdılacaq və onlar yağışa çevriləcək.

M.Həsənov belə bir metodun bütün dünyada mövcud olduğunu və səmərəli nəticə verdiyini də açıqlayıb.