ADR 100: ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası


Digərləri 17 May 2018 21:03:00 260 0

ADR 100: ADR və Qazaxdan Qarsadək müsəlman dəhlizi ideyası

Zaqatala və Borçalı məsələlərində Gürcüstan tərəfi köhnə inzibati bölgüyə istinad edirdi.

Borçalı qəzası (uyezd) Tbilisi quberniyasının tərkibində olub. Rusiya İmperiyasının inzibati bölgü sisteminə uyğun olaraq, Zaqatala dairəsi (okruq) öz növbəsində eyni adlı quberniyanın tərkibində olub.

Əlavə olaraq, Tbilisinin tarixi arqumenti də var idi. Regiona Rusiya nəzarətindən əvvəl həmin ərazilər Gürcüstan çarları tərəfindən idarə olunub.

Bu hüquqi və tarixi arqumentlərlə yanaşı gürcülərin həmin ərazilərə iddialarının iqtisadi səbəbləri də var idi.

Gürcüstan respublikası o dövrdə Menşevik partiyası tərəfindən idarə olunub. Zaqafqaziyanın digər bölgələrindən fərqli olaraq Gürcüstanda menşeviklər kənd bölgələrinə daha sıx bağlı idilər və kəndlilər tərəfindən dəstəklənirdilər.

Kəndlilər menşevikləri əkin üçün yararlı torpaq paylanacağı vədinə görə dəstəkləyirdilər.

Daxili siyasətdə bu məsələ digər mövzulardan öndə idi.

Siyasi dəstəyin təmin olunması üçün Tbilisi höküməti torpaq sahibi olmaq arzusu ilə yaşayan kəndliləri razı salmalı idi.

Nəzərə alınmalıdır ki, yeni respublikalarda böyük sahələrin dağlıq ərazilərin payına düşdüyündən orada səmərəli əkinçilik təsərrüfatı üçün şərait yox idi.

Qara Dəniz sahilində, Kutaisi ətrafında (Qərbi Gürcüstan) aran torpaq sahələri mövcud idi, lakin onlar bataqlıqlarla dolu idi.

Bir neçə ildən sonra, Sovet dövründə Kutaisi bataqlıqları quruduldu və böyük ərazilər kənd təsərrüfatına verildi.

Lakin 1918-ci ildə Gürcüstanda vəziyyət fərqli idi. O zaman Kutaisinin elə bir bölgəsi yox idi ki, orada kəndli ferma təsərrüfatı orta hesabla 1,6 hektardan böyük olsun.

Belə bir torpaq qıtlığı vəziyyətini yüngülləşdirmək üçün 1918-ci ilin ikinci yarısından başlayaraq Gürcüstan höküməti 8,000 ailəni Kutaisidən Gürcüstanın digər bölgələrinə köçürdü.

Borçalı və Zaqatala bölgələrində isə torpaq bərəkətli idi və kəndli dəstəyini təmin etmək nöqteyi nəzərindən Tbilisidəki Menşevik höküməti üçün qiymətli idi.

Digət tərəfdən isə Gürcüstan Azərbaycan kimi neft yataqlarına malik deyildi. Odur ki, Gürcüstan iqtisadiyyatının durumu kənd təsərrüffatı məhsullarından asılı idi. Borçalı və Zaqatala düzənlikləri iqtisadiyyata daha bol kənd təsərrüffatı məhsulu vəd edirdi.

Bakı, 1 dekabr 1918: Qırmızı, ya Ağ? Rusiya vətəndaş müharibəsinin qalibi gec-tez Bakını ələ almağa çalışacaqdı.

Azərbaycan isə həmin ərazilərə iddia irəli sürərkən demoqrafik amilləri önə çəkib. Bakı həmin hər iki bölgədə əhalinin əksəriyyətinin müsəlman olduğunu vurğulayaraq iddiasını irəli sürürdü.

Etnik və dini mənsubluq əraziyə iddia irəli sürmək üçünü qanuni səbəb idi. Rusiya çarlarının keçmiş imperiyası artıq yox idi.

Başlanmış yeni tarixi dövrdə isə yerli müsəlman əhalisi Azərbaycana aid olunaraq müqəddaratını tapmaq istəyirdi.

1918-ci ildə M.Ə.Rəsulzadənin düşündüyü kimi Borçalı Azərbaycana verilsəydi, bu, yeni respublikada müsəlman əhalisinin faiz çəkisini də artıracaqdı.

Qeyd olunmuş demoqrafik arqumentlərlə yanaşı, Borçalı və Zaqatalanı istəmək üçün Azərbaycanın digər əsasları da var idi.

Azərbaycanın iqtisadiyyatında neft ixracı başlıca yer tuturdu. Lakin bu bərəkətli torpaqlar Azərbaycanın kənd təsərrüffatı üçün də vacib əhəmiyyət kəsb edirdi.

Azərbaycanın məkəzi və və cənub rayonlarının yerləşdiyi Muğan düzü su ehtiyatı darlığı üzündən taxıldan başqa digər bitki məhsulunun becərilməsi üçün yaramırdı.