"Küçə naziri"nin siyasi fərqlilikləri: Paşinyan populizm girdabında


Dünya 17 May 2018 20:48:00 214 0

"Küçə naziri"nin siyasi fərqlilikləri: Paşinyan populizm girdabında

Ermənistanda "məxməri inqilab"dan ağızdolusu danışanlar nədənsə susublar. Onlar bir neçə gün əvvələ kimi ölkədə ciddi siyasi, sosial, iqtisadi və sair dəyişikliklərin olacağından, "erməni demokratiyası"ndan dəm vururdular. Deyirdilər ki, Ermənistan regionda islahatların aparılmasında yeni səhifə açacaq.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, xaricdəki ermənilərin də bu prosesə marağı get-gedə sönür, çünki hər kəs görməyə başlayıb ki, İrəvan Moskvanın qoyduğu çərçivədən kənara çıxmaq iqtidarında deyil. Bu baxımdan burada kimin baş nazir olmasının əhəmiyyəti yoxdur. Əsas məsələ Ermənistan rəhbərliyinin müstəqil siyasət yeridib-yeritməməyə qabil olması ilə bağlıdır. Məhz bu məqamla əlaqədar Nikol Paşinyanın Soçidə nələrdən danışacağı maraq doğururdu. O isə gözlənildiyi kimi, fərqli heç nə deyə bilmədi. Ekspertlər bütün bunların işığında Ermənistanın xarici siyasəti ilə bağlı müəyyən fikirlər ifadə edirlər. Həmin aspekt üzərində bir qədər geniş dayanmaq olar.

Nazir yeni, problem köhnə: "erməni demokratiyası"nın əsl siması

Küçədən olan təzyiqlə "Yelk" partiyasının rəhbəri Nikol Paşinyan baş nazir seçiləndən sonra Ermənistanın xarici siyasətində nə kimi dəyişikliklərin ola biləcəyi ilə bağlı müzakirələr intensivləşdi. Ekspertlər daha çox iki məsələni - Rusiya ilə əlaqələrin taleyini və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını diqqətə gətirirlər. Gözlənilirdi ki, N.Paşinyan fəaliyyətinin ilk günlərindən bu iki məsələ ilə bağlı konkret fikirlər ifadə edəcək. Ancaq o, real heç nə deyə və addım ata bilmədi. N.Paşinyan hələ də öz populist siyasi mövqeyində qalmaqdadır. Aydın olur ki, bu personanın müasir tələblərə cavab verə biləcək siyasi, ideoloji və diplomatik hazırlığı yoxdur. Görünür, onu "küçə naziri" kimi tanımaqda davam edəcəklər.

N.Paşinyan Soçidə Avrasiya İqtisadi İttifaqının (Aİİ) toplantısına qatılmazdan öncə jurnalistlərə verdiyi müsahibədə bir sıra fikirlər ifadə edib. O, daha çox Rusiya məsələsi üzərində dayanaraq, Moskva ilə bütün sahələrdə əlaqələrin inkişafına çalışacağını bəyan edib. Lakin bir sıra məqamlara yenidən baxmağın lazım gəldiyini də vurğulayıb. Çünki o, "rusiyapərəst" deyil, "ermənistanpərəst" siyasətçidir. Ekspertlər bu sözlərin feyk olduğunu deyirlər. Çünki Ermənistanın bütün prezidentləri belə danışıb. İndi onları N.Paşinyan "ruspərəst" kimi qiymətləndirirsə, özü kimdir? Onun "Rusiya ilə hərtərəfli strateji əməkdaşlıq" modelinin yeni elementi nədən ibarətdir?

Ermənistanda verdiyi müsahibədən bu cəhət qətiyyən görünmür. Əvəzində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mexanizmi barədə dumanlı və qeyri-obyektiv təsəvvürə malik olduğu aydınlaşır. Bu haqda hətta Ermənistanın siyasətçiləri belə açıq danışırlar. Hələlik Paşinyan onları Dağlıq Qarabağ məsələsində üz-üzə qoya bilib. Proses N.Paşinyanın "Ermənistan münaqişədə bir tərəfdir" fikrindən başlayıb. Dərhal onu vəziyyəti mürəkkəbləşdirməkdə və Ermənistanı pis vəziyyətə salmaqda ittiham ediblər. Özü də ittiham müxalifətin iki ciddi fiquru olan Levon Ter-Petrosyan və Robert Koçaryan tərəfindən gəlir.

Əslində, keçmiş prezidentləri qıcıqlandıran - N.Paşinyanın Dağlıq Qarabağ cəbhəsində ermənilərin hərbi və diplomatik məğlubiyyətində Petrosyanla Koçaryanı günahlandırması burada başlıca rol oynayıb. L.T.-Petrosyan bəyan edib ki, məhz R.Koçaryan Dağlıq Qarabağ separatçılarının danışıqlardan uzaqlaşdırılmasına səbəb olub. R.Koçaryan isə sərt şəkildə buna cavab verib və günahkarın L.T.-Petrosyan olduğunu bildirib. Bu zaman hər iki keçmiş prezident bir-birini təhqir edən ifadələr işlədiblər.

Bunlar dolayısı ilə erməni diplomatiyasının Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda məğlub olduğunu göstərir. İndi N.Paşinyanın Dağlıq Qarabağdakı erməni separatçıları danışıqlara qatmaqla bağlı dediklərinin bir qəpiklik əhəmiyyəti yoxdur. Birincisi, N.Paşinyanın özü etiraf edir ki, Ermənistan münaqişə edən tərəfdir. "Dqr" adlanan qondarma qurumun bütün strukturları əslində Ermənistana aiddir. Ermənistan vətəndaşları Dağlıq Qarabağda işğal altında olan ərazilərdə hərbi xidmət keçirlər. Buna görə də Dağlıq Qarabağdakı separatçı-terrorçular danışıqlarda tərəf ola bilməzlər.

İkincisi, münaqişə ilə bağlı aparılan danışıqların formatı çoxdan müəyyənləşib. ATƏT-in Minsk qrupu bu işlə məşğuldur. Bu formatın dəyişməsini həmsədrlər qəbul etmirlər. Ermənistan isə onların hər üçünün əlaltısıdır. Bu səbəbdən danışıqların formatında hansısa dəyişikliyin olması gözlənilən deyil. Digər yandan, elə bir addıma cəhd edilsə, Azərbaycan, ümumiyyətlə, Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasından imtina edib problemi bütövlükdə başqa müstəviyə çıxara bilər. Onsuz da Bakı həmsədrlərin fəaliyyətsizliyi və birtərəfli mövqeyi barədə dəfələrlə fikir bildirib. Çətin ki, Azərbaycanın bu cür narazılığının olduğu bir şəraitdə həmsədrlər hansısa qıcıqlandırıcı addım atsınlar.

Vassalın taleyi: bir populistin imkanları nəyə yetərlidir?