Lənkəranda “Cəza” tamaşası nümayiş olunub (FOTO)


Digərləri 17 May 2018 19:18:00 272 0

Lənkəranda “Cəza” tamaşası nümayiş olunub (FOTO)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib. Teatrdan Trend-ə verilən məlumata görə, tamaşanın nümayişi “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının milli mərhələsi çərçivəsində baş tutub. Tamaşadan öncə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri də iştirak edirlər. T.Heydərov bu cür beynəlxalq tədbirlərin teatr kollektivləri arasında işgüzar əlaqələrin qurulmasına xidmət etdiyini vurğulayıb. Daha sonra “Cəza” monotamaşasına baxış olub. Lənkəran teatrsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.