Sahil Babayev: Əlilliyin təyin olunmasında şəffaflığın təmin edilməsi üçün sistemli tədbirlər görüləcək


Digərləri 17 May 2018 16:57:22 241 0

Sahil Babayev: Əlilliyin təyin olunmasında şəffaflığın təmin edilməsi üçün sistemli tədbirlər görüləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirilib.

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının Nazirlik qarşısında əsas vəzifələrdən olduğunu vurğulayıb. Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir. Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq Nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri təkmilləşdirmələr aparılacaq. Həmçinin, əlilliyin qiymətləndirilməsi hazırda səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq.