Güzəştli mənzillərin seçimi yenidən təşkil olunacaq


Digərləri 17 May 2018 15:26:00 220 0

Güzəştli mənzillərin seçimi yenidən təşkil olunacaq

Yasamal Yaşayış Kompleksində ilk mənzillərin seçimi yenidən təşkil olunacaq

Bakı. Yasamal Yaşayış Kompleksində ilk mənzillərin seçimi yenidən təşkil olunacaq. Mənzil İnşaatı Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində ilk 260 mənzilin satışına 07.05.2018-ci il tarixində başlanılıb. Satışa çıxarılan mənzillərin seçimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir. “Güzəştli mənzil” elektron sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin edir. Satışın bu sistem vasitəsilə təşkilinin əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılma zamanı şəffaflığı və operativliyi təmin etməkdir. Bu günədək “Güzəştli mənzil” sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilmişdir. 07.05.2018-ci il tarixində başlanmış ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanmışdır. Eyni zamanda, “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilmişdir. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməmişdir.