UNEC-də konfrans: “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” (FOTO)


Digərləri 17 May 2018 14:50:00 266 0

UNEC-də konfrans: “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” (FOTO)

UNEC və “Səs” media qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda konfrans keçirilib.

Bakı. UNEC və “Səs” media qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda konfrans keçirilib. UNEC-dən Trend-ə verilən məlumata görə, konfransda millət vəkilləri, tarixçi alimlər, media qurumlarının rəhbərləri, professor-müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları öncə Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi ilə tanış olublar. Sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilib. Konfransda UNEC-in rektoru, professor Ədalət Muradov Şərqdə ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu bildirib. Rektor Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək bir o qədər də ağır və mürəkkəbdir” fikrinə diqqət çəkərək, məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O, cümhuriyyət tarixinin ilk dəfə ulu öndərin rəhbərliyi dövründə təhlil olunduğunu bildirərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ə.Muradov dövlət başçısının sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini bunun bariz nümunəsi adlandırıb. “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev AXC-ni Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi kimi səciyyələndirib. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb. Prezident İlham Əliyev isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib.