“O torpaqda ölmək arzumdur” 26 ildir Laçınsız qalan 92 yaşlı ağsaqqal VİDEO FOTO


Digərləri 17 May 2018 14:05:00 295 0

“O torpaqda ölmək arzumdur”  26 ildir Laçınsız qalan 92 yaşlı ağsaqqal  VİDEO  FOTO

26 ildir ayağı Laçın torpağına dəyməyənlər qayıdışın dadını almaq istəyirlər. Yurd-yuvalarından didərgin düşən Laçın sakinləri torpaqlarını qaytarmağa hazırdırlar. 

Son.az ARB 24-ə istinadən xəbər verir ki, Məhi Novruzov yüzlərlə laçınlı kimi məcburiyyət qarşısında ailəsi ilə birlikdə Ağcabədiyə pənah gətirib. Rayonun müxtəlif ərazilərində əvvəlcə çadırlarda, sonra isə palçıqdan tikilmiş evlərdə yaşamalı olub. İndi dövlətin dəstəyi ilə tikilmiş Taxtakörpü qəsəbəsində məskunlaşıb. Məhi Novruzov - Laçın sakini: "Bizim uşaqlar müharibə vaxtı 60 nəfərlik dəstə düzəltmişdi, ermənilərlə sərhəd yerlərdə qaravul dayanırdıq. Mənim 92 yaşım var. Arzu edirəm ki, gedim o torpaqda öləm". Doğulmadan taleyinə məcburi köçkünlük həyatı yazılan uşaqların doğma Vətənləri ilə bağlı xatirəsi yoxdur. Amma Laçını təsəvvürlərində elə Laçın kimi də yaşadırlar.  Mina Əsədzadə - Laçın sakini: "Müəllimlərim Laçın barəsində mənə çox məlumat veriblər. Özüm də maraqlanıram internetdən".  Laçının 74 mindən çox sakini uzun illərdir ölkənin 59 şəhər və rayonunda məskunlaşıb. Təkcə Taxtakörpü qəsəbəsində 13 mindən çox laçınlı yerləşdirilib. 1992-ci il mayın 17-də ermənilər Laçının 1 şəhər, 1 qəsəbə olmaqla,125 kəndini işğal ediblər. 63 min 341 nəfər doğma torpağından didərgin salınıb. 13 min 745 yaşayış evi məhv edilərək yandırılıb. İşğal zamanı 264 nəfər şəhid olub, 65-i girov götürülüb, 103-ü isə əlil olub.  Rayonun işğalı Laçın dəhlizi vasitəsilə reallaşdırılıb. Bu, düşmənin uzun illər Laçın dəhlizi üzərində qurduğu vacib plan olub. Laçın strateji baxımdan mühüm əhəmiyyətə malik olub. Bu, Qarabağ yolunun tamamilə açılması demək idi. Çirkin niyyətini həyata keçirən düşmən rayonda 7 sənaye və tikinti, 101 təhsil,142 səhiyyə müəssisəsini, 200-dən çox tarixi, 217 mədəniyyət abidəsini məhv edib.  Mahir Abbaszadə - Millət vəkili: "Laçındakı abidələr ermənilər tərəfindən vandalizmə məruz qalıb. Yerlə yeksan olunub, darmadağın edilib. Bunların içərisində ən qədim abidələrdən olan Aloğlan abidəsini göstərə bilərik. Laçının meşələrində isə dünyanın heç bir yerində rast gəlinməyən ağac növləri var".   İşğal nəticəsində Laçına ümumilikdə 7,1 milyard Amerika Birləşmiş Ştatları dollarından çox ziyan dəyib. Amma bu faktlar qarşısında beynəlxalq təşkilatlar hələ də susur. Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə indiyədək yerinə yetirilmir. Laçın sakinləri beynəlxalq ictimaiyyəti ikili standartlara son qoyub, işğalın davam etməsinə göz yummamağa çağırırlar.  Valeh Əzizov - Laçın sakini: "Dövlət arxamızda durdu. Yer də verdi bizə, işıq da, su da, qaz da. Hər şeyimiz var. Çatışmayan bircə Laçındı".  İxtiyar Əzizov - Laçın sakini: "Mənim cəmi hesablasam, 94 nəvəm, nəticəm var. Onların 60 faizi müharibəyə yarayan uşaqdır. Bəziləri xidmət edir. Bəziləri hazırlaşır hərbiyə getməyə. Bu gün desələr ki, müharibə başlayır, içi mən qarışıq qabağa düşüb getməliyəm".  Yaşından asılı olmayaraq, Laçının bütün igid oğulları 26 ildir erməni əsirliyində olan doğma yurdlarını azad etmək əzmi ilə yaşayırlar.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar