Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi müzakirə olundu


Digərləri 17 May 2018 13:29:00 232 0

Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi müzakirə olundu

Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı seminar keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Avropa İttifaqı (Aİ) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində həyata keçirdiyi “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı birgə layihə çərçivəsində seminar təşkil edib. Trend-in məlumatına görə, seminarda Azərbaycanın dövlət orqanlarında daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə SIGMA ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışıb. Sədr bildirib ki, 2007-ci ildə qəbul edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” ilə nəzərdə tutulmuş tədbirlər çərçivəsində dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyəti təkmilləşdirilib, insanların bu qurumlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılıb və onların qərar qəbuletmə prosesinin operativliyi artırılıb: "Ümumiyyətlə, daxili nəzarət qurumlarını dövlət orqanların səmərəli fəaliyyətində, dövlət qulluqçularının etik davranışında, korrupsiya hüquqpozmalarının qarşısının alınmasında və vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsində ən vacib struktur bölmələrdən biri hesab etmək olar”. M.Abbaszadə ölkəmizdə müasir tələblərə uyğun yeni idarəetmə sisteminin formalaşdırılmasının daxili nəzarət qurumlarının da qarşısında yeni vəzifələr qoyduğunu, daxili nəzarət qurumlarının artıq nəzarət funksiyalarından daha çox keyfiyyətin idarə edilməsi ilə bağlı vəzifələri icra etməli və bu istiqamətdə inkişaf etməli olduğunu bildirib.