I rübdə “Şahdəniz” yatağından qaz hasilatı artıb


İqtisadiyyat 17 May 2018 12:37:00 322 0

I rübdə “Şahdəniz” yatağından qaz hasilatı artıb

3 ay ərzində yataqdan 2,7 mlrd. kubmetr "mavi yanacaq" çıxarılıb

2018-ci ilin I rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2,7 mlrd. kubmetr qaz və 0,6 mln. ton (təqribən 5 mln. barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Bu ilin I rübündə “Şahdəniz” yatağından hasil edilən qazın həcmi illik müqayisədə 12,5% artıb, kondensatın həcmi isə ötən ilin I rübü səviyyəsində olub.

Qeyd edilib ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir.

2018-ci ilin I rübündə “Şahdəniz” yatağının “Alfa” platformasında SDA11 quyusunda qazma işləri davam edib.

“İstiqlal” qazma qurğusu SDD03 quyusunu tamamlayıb və SDD04 quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu SDH01 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirib.

Bu iki qurğu “Şahdəniz 2” üzrə hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyunu tamamlayıb. “Şahdəniz 2”nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.