Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri mükafatlandırılıb


Digərləri 17 May 2018 11:30:00 290 0

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri mükafatlandırılıb

“Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Trend-in məlumatına görə, 17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zaonun videotəbriki nümayiş olunub. Tədbir iştirakçılarını salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü olduğunu xatırladaraq 2006-cı ildən etibarən hər il dünyada bu günə həsr olunmuş müxtəlif tədbirlər keçirildiyini bildirib. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun “Süni intellekt” olduğunu qeyd edən nazir ölkəmizdə ali məktəb tələbələri arasında intellektual potensialın inkişafına töhfə verən gənclərin yetişdiyini diqqətə çatdırıb. O, 10 ildən çox müddətdə keçirilən olimpiadanın gənclər arasında proqramlaşma vərdişlərinin inkişafında mühüm rol oynadığını bildirib. “Bu gün gənclərin ölkəmizin innovativ inkişafında rolunun artırılması üçün bir çox işlər görülür. Startap hərəkatı genişlənir, innovativ ideyalar qrant, kredit və investisiya vasitəsilə dəstəklənir. Bu istiqamətdə həyata keçirilən tədbirləri intensivləşdirmək üçün İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır” - deyə nazir vurğulayıb. Təltifetmə mərasimində Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin, “BestComp Group” şirkətinin, “Nar” operatorunun nümayəndələri, tələbələr və komanda rəhbərləri iştirak edib. Məlumat verilib ki, “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” iki mərhələdə keçirilib.