Meyitləri tapılan alpinistlərlə bağlı nazirlikdə xüsusi komissiya yaradıldı


Digərləri 17 May 2018 11:10:00 272 0

Meyitləri tapılan alpinistlərlə bağlı nazirlikdə xüsusi komissiya yaradıldı

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.

Bakı. Samir Əli - Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, komissiyaya Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur. S.Əhmədova deyib ki, tapılan alpinistlərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə gətirilib, gecə müayinə edilib. Müayinələr başa çatdıqdan sonra meyitlər bu gün ailələrə təhvil verilib. Namin Nizami oğlu Bünyatzadənin meyiti Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Bakıya gətirilir".