BANM-da yeni ixtisas: İnformasiya təhlükəsizliyi


Digərləri 17 May 2018 10:28:00 392 0

BANM-da yeni ixtisas: İnformasiya təhlükəsizliyi

Bakı Ali Neft Məktəbində (BANM) 2018/2019 tədris ilindən etibarən yeni ixtisas – “İnformasiya təhlükəsizliyi” tədris ediləcək.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) 2018/2019 tədris ilindən etibarən yeni ixtisas – “İnformasiya təhlükəsizliyi” tədris ediləcək. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, bu ixtisas ölkənin müxtəlif sahələrində informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi üçün kadr hazırlığını həyata keçirəcəkdir. “İnformasiya təhlükəsizliyi” ixtisası BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının tərkibində reallaşdırılacaq. Qeyd edək ki, dövlət və qeyri-dövlət müəssisələrinin işində informasiya resurslarının və texnologiyalarının rolunun hər gün daha çox artması ilə həmin müəssisələrdə informasiya təhlükəsizliyi məsələləri ortaya çıxır. Ölkədə informasiya sistemlərinin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə geniş tələbat yaranıb. Məhz bu səbəbdən BANM-da “İnformasiya Təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılması qərara alınıb. “İnformasiya təhlükəsizliyi” ixtisasında “Şəbəkə təhlükəsizliyi”, “Sistem proqramlaşdırma”, “Sistemdə olan təhlükəsizliklərin test edilməsi”, “Verilənlər bazasının təhlükəsizliyi”, “Multiagent sistemlərin təhlükəsizliyi”, “Barmaq izlərinin tanınması” və s. kimi fənlərin tədrisi planlaşdırılır.