Arkanzas ştatının paytaxtında Azərbaycan Günü elan olunub


Dünya 17 May 2018 08:40:00 332 0

Arkanzas ştatının paytaxtında Azərbaycan Günü elan olunub

Arkanzas ştatının paytaxtı Litl-Rok şəhərinin meri Mark Stodola Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.

Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.