Xalq artisti Şövkət Ələkbərovaya həsr olunmuş gecə keçirilib (FOTO)


Digərləri 16 May 2018 22:40:00 333 0

Xalq artisti Şövkət Ələkbərovaya həsr olunmuş gecə keçirilib (FOTO)

“Unudulmayanlar” adlı möhtəşəm layihə çərçivəsində Xalq artisti Şövkət Ələkbərovaya həsr olunmuş gecə keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində yeni “Unudulmayanlar” adlı möhtəşəm layihə çərçivəsində Xalq artisti Şövkət Ələkbərovaya həsr olunmuş gecə keçirilib. Şövkət Ələkbərova 1922 – ci ildə Bakı şəhərində anadan olub. 14 yaşında ikən ailəsinin məsləhəti ilə kamançada ifa etmiş,16 yaşından isə müğənniliyə başlayıb. 1937 - ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqının bədii özfəaliyyət kollektivlərinə baxış keçirilmiş, yekun konsert isə 1938-ci ildə Akademik Opera və Balet Teatrının səhnəsində olmuşdur. “Qarabağ şikəstəsi” ni məharətlə oxuyan gənc Şövkət qaliblərdən biri seçilmişdir. Münsiflər heyətində dahi Üzeyir Hacıbəyli ,Bülbül və Səid Rüstəmov əyləşmişdi.Üzeyir bəyin diqqətini cəlb edən Şövkət Ələkbərova sonralar böyük bəstəkarın yanına dəvət edilmiş və beləliklə onun böyük səhnəyə gedən yolu başlamışdır. Şövkət xanım ilk musiqi təhsilini musiqiçi, Üzeyir Hacıbəyovun dayısı Ağalar bəy Əliverdibəyovdan almışdır.Sonralar Asəf Zeynallı adına musiqi məktəbinə daxil olan Şövkət Ələkbərova muğam sənətinin sirlərini , görkəmli aktyor və xanəndə Hüseynqulu Sarabskidən almışdır. 1938 – 1945 – ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında ,1945 – ci ildən isə Azərbaycan Dövlət Flarmoniyasının solisti olan Şövkət Ələkbərova “Mirzəhüseyn Segahı”, “Qatar”, “Şahnaz” muğamlarını və “Kəsmə şikəstə”ni lentə yazdırmışdır. Şövkət xanım xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır. Əksər Azərbaycan bəstəkarlarının mahnıları ilk dəfə məhz onun ifasında səslənmişdir. Şövkət xanım 20 dən cox xarici ölkədə qastrol səfərində olmuş və Azərbaycan musiqisini ləyaqətlə təmsil etmişdir. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Şövkət xanım bir çox istedadlı tələbələr yetişdirmişdir.