Avropada hava hərəkətinin tənzimlənməsi üzrə nümayəndə heyəti Azərbaycan mülki aviasiyasının uğurları ilə tanış olub


Digərləri 16 May 2018 18:38:00 320 0

Avropada hava hərəkətinin tənzimlənməsi üzrə nümayəndə heyəti Azərbaycan mülki aviasiyasının uğurları ilə tanış olub

16 may 2018-ci il, Bakı - Avropa Regionu Hava Məkanının İdarəetmə Mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultananın başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya işgüzar səfər etmişdir.

Səfər çərçivəsində qonaqlar "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda "Skytrax" audit şirkəti tərəfindən ən yüksək "5 ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) də daxil olmaqla Azərbaycanın mülki aviasiya obyektləri ilə tanış olmuşlar. 

Hava hərəkəti axınlarının planlaşdırılması zamanı əsas əlaqələndirici qovşaq olan Azərbaycan Hava Məkanından İstifadə üzrə Səmərəlilik Mərkəzi (ASEC) NMOC-un rəhbərliyinin böyük marağına səbəb olmuşdur. Bu mərkəz sayəsində Azərbaycan hava axınlarının planlaşdırılmasında "Eurocontrol"-un strateji tərəfdaşı rolunu oynayır.

Elə həmin gün "Azərbaycan Hava Yolları"nın Prezidenti Cahangir Əsgərov və  NMOC-un direktoru Co Sultananın görüşü keçirilmişdir. Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu ardıcıl siyasət nəticəsində, son onillikdə Azərbaycanın tranzit dövlət kimi rolu xeyli artmışdır. Bu inkişaf Azərbaycanın hava məkanından istifadə edən hava gəmilərinin tranzit axınlarında da müşahidə olunur.