Azərbaycan Minskdə beynəlxalq telekommunikasiya sərgisində təmsil olunur (FOTO)


Digərləri 16 May 2018 18:25:00 267 0

Azərbaycan Minskdə beynəlxalq telekommunikasiya sərgisində təmsil olunur (FOTO)

Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və qurumlarının təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir. "TİBO-2018" sərgisində Azərbaycan da daxil olmaqla dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir. Qeyd edək ki, Azərbaycan "TİBO-2018" sərgi-forumunda milli pavilyonla təmsil olunur. Mayın 18-dək davam edəcək sərgiyə təşkil olunan VİP tur çərçivəsində Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.