Fəaliyyəti ilə milli mənlik və vətənpərvərlik nümunəsi olan təşkilat


İdman 16 May 2018 17:48:00 303 0

Fəaliyyəti ilə milli mənlik və vətənpərvərlik nümunəsi olan təşkilat

Heydər Əliyev Fondu öz fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verməkdədir. Azərbaycan Respublikasının müxtəlif universal və regional beynəlxalq təşkilatlara üzvlüyü, habelə ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin genişləndirilməsi kontekstində çoxsaylı müqavilələr yolu ilə beynəlxalq və dövlətdaxili qurumlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətinin inkişafını daim diqqətdə saxlayır.

Bütövlükdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra sazişlərin imzalanması ilə bu sahədə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmiş, dövlətimizin beynəlxalq öhdəliklərinin icrası istiqamətində mühüm işlər görülmüşdür.

2013-cü il iyul ayının 18-də Heydər Əliyev Fondunun təşəbbüsü və onun gördüyü işlərin davamı olaraq UNESCO və Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair Çərçivə Sazişinin imzalanması yeni bir mərhələnin başlanğıcını qoymuşdur

Heydər Əliyev Fondunun fəaliyyətinin digər istiqaməti diaspor və azərbaycançılığın təbliği siyasətidir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi yönümündə indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev Fondu da diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə onun qayğısını hiss etmişlər.

Fond həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu vurğulamış və bu sahədə bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirmişdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur. Fondun prezidentinin təşəbbüsü ilə respublikamızda səfərdə olmuş müxtəlif ölkələrin diaspor təşkilatları və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndə heyətləri ilə görüşlərdə də bu mühüm məsələ diqqətdən kənarda qalmamışdır.

Beləliklə, ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər bir araya gələrək Azərbaycan federal birlikləri yaratmağa başlamışlar. Bunların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan Cəmiyyətləri Federasiyasını, İsveç-Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının “Turan” Konqresini və Qırğızıstanda “Azəri” İctimai Birliyini nümunə göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilmişlər. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan diasporunun daha mütəşəkkill qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyətlərin yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir.

Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar fond xüsusi layihələr həyata keçirmişdir. XX əsrin ən böyük faciəsi haqqında beynəlxalq ictimaiyyətdə dolğun təsəvvürlər formalaşdırmaq məqsədilə Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Qarabağın tarixini özündə əks etdirən bir sıra kitab və nəfis albomlar buraxılmışdır. Məsələn, “Qarabağ xanəndələri” adlı nəfis albom, “Qarabağ həqiqətləri” kitabı bütün dünyaya yayılmışdır.

Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu acı nəticələr, xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri müxtəlif kampaniyaların və hərəkatların təşkil edilməsi və keçirilməsidir

İƏT Xarici İşlər Nazirləri Şurasının 2012-ci ilin noyabrında Cibutidə keçirilən 39-cu sessiyasında, İƏT Parlamentlər İttifaqı Konfransının 2013-cü ilin yanvarında Sudanın paytaxtı Xartum şəhərində keçirilən 8-ci sessiyasında, həmçinin İƏT-in ali orqanı olan və İƏT dövlət başçılarının iştirak etdiyi İslam Zirvə Konfransının 6-7 fevral 2013-cü il tarixlərində Misirin paytaxtı Qahirədə keçirilən 12-ci sessiyasında Xocalı faciəsi “insanlığa qarşı cinayət və soyqırımı aktı” kimi tanınmışdır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası Qahirə Zirvə Görüşünün Yekun Kommunikesində bütün üzv ölkələrin konsensus əsasında “Humanitar məsələlər” başlığı altında qəbul edilən bəndində də öz əksini tapıb. Həmin bənddə “1992-ci ilin fevralında Ermənistan Republikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam soyqırımı və insanlığa qarşı cinayət” adlandırılır.

Heydər Əliyev Fondu beynəlxalq qeyri-hökumət təşkilatları ilə də əməkdaşlıq edir. Bu əməkdaşlıq həm birbaşa, həm də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir.

Fond müvafiq sferada qanunvericilik aktları layihəsinin hazırlanması prosesində də fəallıq göstərir. Belə ki, mədəni irsin qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması istiqamətində beynəlxalq təcrübəyə uyğun olaraq mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır. Buraya xüsusi olaraq beynəlxalq aktların tətbiqi üzrə təşviqat xarakterli tədbirləri aid etmək olar. Məsələn, bura 20 may 2010-cu ildə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiyanın təqdimat mərasiminin, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının müddəalarının Azərbaycanda geniş miqyasda təbliğ olunması məqsədilə "Mədəni irsin qorunmasına dair UNESCO-nun mövcud beynəlxalq, hüquqi, normativ aktları"na həsr olunmuş seminar-konfransın, “Azərbaycan Respublikasında 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi və gələcək perspektivlər” mövzusunda “dəyirmi masa”nın, “Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni sərvətlər haqqında” Konvensiyaya həsr edilmiş beynəlxalq konfransın keçirilməsini nümunə göstərmək olar.

Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə əldə etdiyi uğurlardan biri də UNESCO-nun Nayrobidə keçirilən V sessiyasında Cənubi Azərbaycan xalçaçılıq məktəblərinin də Azərbaycan xalça sənəti məktəblərinin siyahısına daxil edilməsi haqqında danışıqların aparılmasıdır. Yeri gəlmişkən, qanunvericilik qaydasında bu məsələ öz həllini tapmışdır. Belə ki, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanuna müvafiq olaraq Azərbaycan xalça sənəti məktəblərinin siyahısına Quba, Şirvan, Dərbənd, Bakı, Gəncə, Qazax, Borçalı, Göyçə, Qarabağ və Naxçıvanla yanaşı, Təbriz, Ərdəbil, Zəncan, Xalxal, Urmiya, Qaradağ, Mərənd, Marağa da daxil edilir. Bu zaman Azərbaycan Respublikası ərazisindən qeyri-qanuni yolla çıxarılmış milli mədəni irs nümunələrinin geri qaytarılması üzrə fəaliyyət də xüsusi yer tutur. Belə ki,  İNTERPOL-la əməkdaşlıq çərçivəsində Azərbaycanın İncəsənət Muzeyindən oğurlanmış 272 əsərdən 204-ü ABŞ-da aşkar edilir və iddia əsasında Nyu Yorkun cənub dairəsi məhkəməsinin qərarı ilə tapılan əsərlər qaytarılır.

Qeyd olunanlarla yanaşı, BMT-nin təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyev Fondu dünya diabet günü kampaniyasına qoşulmuşdur. BMT-nin qətnaməsinə uyğun olaraq təşkilata üzv ölkələr dünyada noyabrın 14-nü dünya diabet günü kimi qeyd edirlər. Əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki və bioloji baxımdan sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi sahəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən digər genişmiqyaslı “Talassemiyasız həyat naminə” layihəsini xüsusilə qeyd etmək lazımdır. Bununla əlaqədar 2005-ci il fevral ayının 8-də Heydər Əliyev Fondunun təşəbbüsü əsasında Beynəlxalq Talassemiya Federasiyasının birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, eləcə də talassemiyanın müalicəsi və profilaktikası üçün milli proqramın hazırlanması məqsədilə

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə təsbit olunmuş normalar çərçivəsində həyata keçirilən əməkdaşlıq kontekstində səhiyyə sahəsində müxtəlif istiqamətlər üzrə qeyri-hökumət təşkilatları və ictimai birliklərin qarşılıqlı fəaliyyətinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Məsələn, 2005-ci il dekabr ayının 9-da “Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında Əməkdaşlıq Sazişi” və bununla bağlı layihə sənədləri imzalanmışdır. Bu sənədlər BMT-nin Minilliyin Bəyannaməsinə əsasən yeni texnologiyaların, xüsusilə informasiya-texnologiyasının hamı üçün təmin olunmasına dair dövlət və hökumət başçıları tərəfindən götürülmüş öhdəliyə və “Azərbaycan Respublikasının İnformasiya-Kommunikasiya Texnologiyası üzrə Milli Strategiyası”na uyğun olaraq hazırlanmışdır. Bundan əlavə, 31 may 2007-ci il tarixdə Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu arasında əməkdaşlıq sazişi imzalanmışdır. Sazişə uyğun olaraq 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlıq nəzərdə tutulmuşdur.

Fəaliyyət istiqamətləri, o cümlədən əhalinin sağlamlığının qorunması və Azərbaycan səhiyyəsinin inkişafı sahəsində beynəlxalq əməkdaşlığa və inteqrasiya münasibətlərinə xüsusi önəm verən Heydər Əliyev Fondu həm də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə qarşılıqlı fəaliyyətinin genişləndirilməsi işinə də diqqət ayırır. Hətta bunun bariz nümunəsi kimi “Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair” Anlaşma Memorandumunun imzalanmasını göstərmək olar.

Heydər Əliyev Fondunun fəaliyyət coğrafiyası ölkə sərhədlərini artıq aşmışdır və bu proses davam edir. Dünyanın bir çox ölkəsində müxtəlif layihələrin reallaşması fondun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

 

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir