Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün qəbul elan edilib


Digərləri 16 May 2018 17:39:00 243 0

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün qəbul elan edilib

2018/2019-cu tədris ili üçün Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 17-23 may tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M).

Müsabiqədə iştirak etmək hüququna 2018-ci il may 15-dək 19 yaşı tamam olmayan, II və ya III ixtisas qrupu üzrə 13 may 2018-ci il tarixində keçirilən qəbul imtahanında iştirak edən (qəbul imtahanını rus dilində verən), attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2018-ci ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

2. Şəxsiyyət vəsiqəsi;

3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.

Müsabiqəyə DİM tərəfindən 13 may 2018-ci il tarixində keçirilən II və ya III ixtisas qrupları üzrə test imtahanında iştirak edən abituriyentlər qatıla bilərlər. "Beynəlxalq iqtisadi əlaqələr" və "Beynəlxalq münasibətlər" ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, "Beynəlxalq hüquq" ixtisasına qəbul olmaq istəyənlər isə III ixtisas qrupu üzrə imtahan vermiş olmalıdırlar.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar.

Müsahibə tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir . Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaqdır.

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.