Səməd Seyidov: AŞ PA-nın sanksiyası Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə heç bir məhdudiyyət yaratmır


Digərləri 16 May 2018 17:27:21 212 0

Səməd Seyidov: AŞ PA-nın sanksiyası Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə heç bir məhdudiyyət yaratmır

AŞ PA-nın tətbiq etdiyi sanksiya Azərbaycan nümayəndə heyətinin və ya nümayəndə heyətinin rəhbərinin fəaliyyətinə heç bir məhdudiyyət yaratmır.

Bakı. Elçin Mehdiyev - AŞ PA-nın tətbiq etdiyi sanksiya Azərbaycan nümayəndə heyətinin və ya nümayəndə heyətinin rəhbərinin fəaliyyətinə heç bir məhdudiyyət yaratmır. Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov vurğulayıb ki, bu sanksiya nəticəsində sadəcə olaraq Azərbaycan nümayəndə heyətinin rəhbəri iki il müddətinə AŞPA-nın prezidenti ola bilməz, seçki missiyasında iştirak edə bilməz: “Mən axırıncı dəfə AŞ PA-nın seçki missiyasında 10 il bundan əvvəl iştirak etmişəm. Yəni göründüyü kimi, bu sanksiya bizim fəaliyyətimizə ciddi məhdudiyyət yaratmır. Əksinə, biz bundan sonra AŞ PA-dakı fəaliyyətimizi daha da gücləndirəcəyik, Azərbaycan əleyhinə olan qüvvələri ifşa etmək üçün daha aktiv fəaliyyət göstərəcəyik”. Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib. Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin