Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslər ziyanı ödəyib


Sosial 16 May 2018 14:12:45 301 0

Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslər ziyanı ödəyib

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə "BestComp Group" şirkətinə və zərərçəkmişlərə dəymiş zərərin ödənildiyi elan olunub.

Daha əvvəl ki, iclaslarda zərərçəkmiş qismində tanınan aşıq Namiq Fərhadoğlu və digər zərərçəkmişlər zərərin ödənilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında R.Babayevin 8 il, E.Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adından kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

İttihamda qeyd olunub ki, R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.

Hər iki təqsirləndirilən şəxsin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur. Onun özü də məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edib.