Bakıda iki qız qaçırılıb, polis gənc oğruları axtarır


Digərləri 15 May 2018 23:41:00 265 0

Bakıda iki qız qaçırılıb, polis gənc oğruları axtarır

Ekspert: "Bəlkə bu gənclər ekzotika həvəskarlarıdır, onlara evliliyin bu üsulu daha romantik, cazibəli gəlib"

Azərbaycanda "qız qaçırmaq" adətinin tarixi uzaq keçmişə gedib dayanır. Adətən bir-birini sevən gənclər onların evliliyinə mane olan amilləri (ailələrin narazılığı, maddi imkansızlıq və s.) nəzərə alaraq, toysuz-mərasimsiz evlənmək qərarına gəlirlər. Bir müddət ailələrinin qarşısına çıxmasalar da, onların "qəzəbi" sönəndən sonra əksər hallarda barışığa nail olurlar. Bəzən bu izdivac ailələrin razılığı ilə toyla da müşayiət olunur. Bəzənsə, ailələr bu "özbaşına, xeyir-duasız evlilik"lə asanlıqla barışmırlar. Hətta yollarını hüquq-mühafizə orqanlarından salanlar da olur.

Bu hal elə bu günlərdə ölkəmizin paytaxtında müşahidə olunub. Bakının Nərimanov rayonunda iki gənc qız cavan oğlanlar tərəfindən "oğurlanıb".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumdur ki, 19 yaşlı qızların hər ikisi mayın 13-də 17-ci polis bölməsinin ərazisində qaçırılıblar. Birinci halda 1999-cu il təvəllüdlü Nazlı Kərimova oğurlanıb. Qız günün günorta çağı yoxa çıxıb. Kərimovanın anası onun kim tərəfindən qaçırıldığını bilir. Onu 1996-cı il təvəllüdlü Füzuli rayon sakini Gündüz Həsənzadə qaçırıb. Cavan oğlan qızı evlənmək məqsədilə aparıb. Amma problem ondadır ki, Kərimovanın valideynləri bu halla barışmaq niyyətində deyillər.

İkinci analoji vəziyyət 1999-cu il təvəllüdlü Aysel Cəfərovanın başına gəlib. Bu barədə şikayət ərizəsi ilə qızın nənəsi polisə müraciət edib. O, bildirib ki, saat 14:30 radələrində onun nəvəsi Nərimanov küçəsindən qaçırılıb. Qadın nəvəsini qaçıran cavan oğlanın adını bilməsə də, onun evlənmək məqsədilə bu yola baş vurduğunu ehtimal edir.

Hazırda 17-ci polis bölməsinin əməkdaşları sözügedən gənclərin axtarışı ilə məşğuldur. Polisin ehtimalına görə, qaçırılma qızların öz razılığı ilə baş tutub. Digər tərəfdən isə, vətəndaşların narahatçılığına son qoymaq və asayişi qorumaq onların borcudur.

Bəs qızların razılığı ilə baş tutan bu izdivacla bağlı polisə müraciət özündə nəyi ehtiva edir? Yaxud da, doğrudanmı, bu zəmanədə xəlvəti evliliyə belə zərurət var?