"Torpaq mülkiyyətçilərinin sosial sığorta sisteminə cəlb olunması işləri gücləndirilməlidir"


Digərləri 15 May 2018 20:48:00 272 0

"Torpaq mülkiyyətçilərinin sosial sığorta sisteminə cəlb olunması işləri gücləndirilməlidir"

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, Fondun rayon (şəhər) şöbələrinin rəhbərlərinin iştirakı ilə keçən müşavirədə S.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı tapşırıqları ƏƏSMN-nin fəaliyyəti üçün bir yol xəritəsidir və bu tapşırıqlar xüsusilə əhaliyə xidmət sahələrində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsini nəzərdə tutur. Nazirliyin, o cümlədən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas xətti də məhz bu prinsipə söykənməlidir. Əhaliyə xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır.

Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır. Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Ölkəmizin özündə vətəndaş məmnunluğuna səbəb olan ASAN xidmət modeli mövcuddur ki, Fondun yerli orqanlarında bu müasir, mədəni xidmət təcrübəsindən istifadə edilə bilər. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə sadə və aydın şəkildə dolğun izahatlar verilməldir.

Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının Fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən S.Babayev vurğulayıb ki, bu sahədə çatışmazlıqlar özünü göstərir. Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda, bu proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini də vacib şərt kimi diqqətdə saxlamalıdır. Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalı, bütün səylər də qanunla ödənilməli olan sosial sığorta vəsaitlərinin ödənilməsinə yönəlməlidir.

Nazir, eyni zamanda, fərdi sahibkarların, torpaq mülkiyyətçilərinin çox az qisminin sosial sığorta sistemində iştirak etdiyini və onların da həmin sistemə cəlb olunması yönündə işlərin, habelə bu məqsədlə stimullaşdırıcı tədbirlərin gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. S.Babayev qeyd edib ki, ölkəmizdə pensiyaçıların sayının getdikcə artmasına uyğun olaraq, sosial sığorta haqları üzrə yığım səviyyəsi də getdikcə yüksəlməlidir. Ümumilikdə, Fondun fəaliyyət sferalarında ilk növbədə inzibatçılığın gücləndirilməsi təmin olunmalıdır ki, bu da sistemli islahatlar üçün zəmin formalaşdırılması baxımından vacib amildir.

S.Babayev pensiya təyinatı ilə bağlı məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib.