Bilik Fondu Nobel mükafatçısının yaradıcılığı ilə bağlı tədbir keçirib
Digərləri 15 May 2018 19:08:29 231 0
Böyük hind ədibi, Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.
Bakı.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) böyük hind ədibi, Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.
Bilik Fondundan Trend-ə verilən məlumata görə, ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqları salamlayararaq, dünya şöhrətli sənət adamlarının yaradıcılıqlarının təbliği və təşviqi istiqamətində görülən işlərin gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir etdiyini deyib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun "Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb.
İ.Vəliyev mütəfəkkirlərin Taqorun yaradıcılığı haqqında maraqlı fikirlər söylədiklərini diqqətə çatdıraraq, 1998-ci ildə “rifah iqtisadiyyatı mövzusundakı əlavələrinə görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Amartiya Senin hindli yazıçının şəxsiyyətinə və yazıçılığına verdiyi qiyməti diqqətə çatdırıb. Bildirib ki, Taqoru Benqaliyanın qızıl səsi adlandıran A.Senin onun inandırıcı yazmasını üç mədəniyyətin qovuşuğunda – indus, müsəlman və ingilis mədəniyyətli benqal ailəsində böyüməsi ilə əlaqələndirib.
R.Taqorun şair, dramaturq, rəssam, bəstəkar, filosof kimi fəaliyyətini əks etdirən filmin nümayişindən sonra Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana çıxış edib.
Səfir Azərbaycanda Hindistan mədəniyyətinə böyük marağın olduğunu deyərək, hindlilərin də Azərbaycana məhəbbət bəslədiklərini vurğulayıb.
Mənbə: az.trend.az