Bakı Ekspo 2025 ümumdünya sərgisinin namizədlik prosesində növbəti mərhələyə keçib


Digərləri 15 May 2018 16:04:00 280 0

Bakı Ekspo 2025 ümumdünya sərgisinin namizədlik prosesində növbəti mərhələyə keçib

Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi 4 may tarixində keçirilmiş iclasının ümumi hesabatını dərc edib.

Son.az xəbər verir ki, Ekspo 2025 Bakı Əməliyyat katibliyindən Trend-ə verilən məlumata görə, bu hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilib.

2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu bəyan edir ki, Bakı şəhəri növəbti mərhələyə keçib və finala doğru irəliləməkdədir. Cari ilin noyabr ayında Paris şəhərində təşkil ediləcək BSB-nin Baş Assambleyasının 164-cü sessiyası zamanı üzv dövlətlər 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.

2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: "Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq."

Qiymətləndirmə Missiyası ölkə səviyyəsində sərgiyə ev sahibliyi ilə bağlı fikir birliyini və bunun inkişaf strategiyası ilə üst-üstə düşməsini də qeyd edib.