Bu şəxslər üçün ipoteka krediti almaq asanlaşdı


Digərləri 15 May 2018 15:14:00 299 0

Bu şəxslər üçün ipoteka krediti almaq asanlaşdı

Xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası"nda etdiyi dəyişikliklərlə reallaşıb.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert yeni dəyişikliklər nədən ibarət olduğuna belə aydınlıq gətirib: "Əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm 6 ayadək azaldılıb. Eyni zamanda orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alınacaq. Yəni, ipoteka krediti üçün müraciət edən vətəndaşımzın yalnız son 8 ayda iş fəaliyyəti varsa, onun gəlirləri cəmlənərək 8-ə bölünəcək. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan zaman əvvəlki qaydalara əsasən kredit üçün müraciət edən şəxsin ən azı 2 il belə fəaliyyətlə məşğul olması tələb olunurdusa, indi son 1 il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək. Dəyişikliyə əsasən, xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq. Yəni, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək.